Fransa prezidenti Emmanuel Makron Özbəkistana rəsmi səfər edib.
Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, Səmərqənd beynəlxalq hava limanında qonağı Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Makron Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Mirziyoyev onu Səmərqənddə gəzdirib.
Səfər proqramına əsasən, Səmərqənddə yüksək səviyyəli danışıqlar aparılacaq, danışıqlarda Özbəkistan və Fransa arasında çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə baxılacaq. Əsas diqqət ticarət-iqtisadi, innovasiya, investisiya və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək.
Özbəkistan və Fransa liderləri iki ölkənin aparıcı şirkətlərinin və bank-maliyyə qurumlarının iştirakı ilə keçiriləcək birgə biznes forumda da iştirak edəcəklər. Sammitin yekunları üzrə bir sıra hökumətlərarası və idarələrarası sazişlərin, eləcə də bir sıra ticarət və investisiya sazişlərinin qəbulu gözlənilir.