Özbəkistan prezidenti qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 2-3-də Astanada səfərdə olacaq.
Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, sammitin gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın, ilk növbədə, ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya, ekologiya, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri daxil edilib.
Nümayəndə heyətlərinin başçıları həmçinin beynəlxalq siyasət və regional qarşılıqlı fəaliyyətin aktual problemlərinə dair fikir mübadiləsi aparacaqlar. Tədbirlərin nəticələrinə əsasən bir sıra birgə sənədlər qəbul ediləcək.
Bu il Türk Dövlətləri Təşkilatına Özbəkistan rəhbərlik edir. Çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş 100-dən çox mühüm tədbir keçirilib. Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın üzvü, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi statusundadır.