Rusiyanın təhdid və xəbərdarlıqlarına baxmayaraq, Ermənistan parlamenti oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunu ratifikasiya edib.
Modern.az xəbər verir ki, "Hraparak" nəşri sənədin qəbul edilməsindən sonra Rusiyanın Ermənistana qarşı sanksiyalar tətbiq etdiyini yazıb.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin üçün axtarış elan edib və bu sənədi ratifikasiya etmiş hər bir ölkə Rusiya prezidentini həbs etməyə borcludur.
Məqalədə bildirilir ki, Roma Statutu hələ qüvvəyə minməsə də, ratifikasiya edildikdən sonra Rusiya Federasiyası ermənilərə qarşı vergi yoxlamaları, deportasiya təhdidləri, prosesin gecikdirilməsi, sürücülük vəsiqələrinin tanınması və s. kimi cəzalar tətbiq edib.
Nəşr yazır ki, Rusiyanın demarşından sonra Ermənistan gərginləşən münasibətləri yumşaltmağa çalışır. Ermənistan XİN bildirib ki, İrəvan Rusiyanın narahatlığını aradan qaldıra biləcək müvafiq ikitərəfli sazişin bağlanması təklifi ilə çıxış edib. Dünən parlament sədrinin müavini Hakob Arşakyan deyib ki, iki ölkəyə aid məsələlərdə beynəlxalq məhkəmənin qərarlarının tətbiqini istisna edən ikitərəfli razılaşma əldə etmək mümkündür.
"Rusiya tərəfi hələ ki, Ermənistanın təklifinə cavab verməyib. Rəsmi dairələrdə cavab alacaqlarına ümid etmirlər, onlar əmindirlər ki, Rusiyada Roma Statutunun ratifikasiyası həzm olunmayıb və bağışlanmayacaq", - məqalədə belə deyilir.