“Bütün ölkələrin mesajı eynidir - Sünikdə təmsil olunmaq”.
Modern.az-ın məlumatına görə, bunu noyabrın 3-də jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Zəngəzurda (ermənicə Sünik) konsulluq açmaq istəyən Rusiyanın məqsədi barədə danışarkən deyib.
“Ölkələr sosial, iqtisadi və siyasi maraqları və s.-ni nəzərə alınaraq konsulluqlar açır. İranla bağlı vəziyyət eynidir, Fransa da bunu bəyan edib. Düşünürəm ki, başqa ölkələrdən də diqqət artacaq”, - Hovhannisyan bildirib.
“İran və Fransa bu məsələdə Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı bəyanatlar verir, bəs Rusiya tərəfinin siyasi mesajı nədir” sualına nazir müavini belə cavab verib:
“Konsulluğun açılmasında həm də siyasi komponent var. Amma burada söhbət mərkəzləşdirilməmiş əməkdaşlıqdan, iqtisadi maraqlardan, mümkün müvafiq enerji və nəqliyyat layihələrindən gedir. Siyasi komponent ondan ibarətdir ki, bu regiona maraq və bundan irəli gələn nəticələr var”.
Xatırladaq ki, Rusiya hökuməti dünən Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması barədə razılaşmanı təsdiqləyib.
Qərarı Rusiya Baş naziri Mixail Mişustin imzalayıb.
Qafandakı baş konsulluq Rusiyanın Ermənistanda sayca ikinci konsulluğu olacaq. Rusiyanın ilk konsulluğu Gümrüdədir.