Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri məlum olub.
Modern.az xəbər verir ki, bu vəzifəyə Manisa vilayətindən millət vəkili Özgür Özel seçilib.
Başqanlıq seçkilərinin ikinci turunda partiyanın hazırkı sədri Kemal Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb.
Kılıçdaroğlu nəticələrin məlum olmasından sonra "X" hesabında Özeli təbrik edib.
Natiqlik qabiliyyəti ilə seçilən 49 yaşlı Özel ixtisasca əczaçıdır və əvvəllər Bursada əczaçıların həmkarlar ittifaqına rəhbərlik edib. Daha sonra CHP-dən deputat seçilib və bundan əvvəl partiyanın parlamentdəki fraksiyasının rəhbəri olub.
Qeyd edək ki, CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb.