Modern.az

İsrail ordusu xəstəxanada axtarış aparır - Xameneidən XƏBƏRDARLIQ 

İsrail ordusu xəstəxanada axtarış aparır - Xameneidən XƏBƏRDARLIQ 

Dünya

16 Noyabr 2023, 09:24

İsrail Qəzzanın ən böyük xəstəxanası olan "Əl Şəfa"da və onun ətrafında əməliyyatlar aparmağa davam edir.

 

Modern.az xəbər verir ki, İsrail əsgərləri çərşənbə günü səhər saatlarında xəstəxanaya daxil olub və kompleksdə axtarışlar aparıb.

 

Ordunun yaydığı videoda kompleksin içərisindəki binadan avtomatik silahlar, qumbaralar, döyüş sursatları və zirehli gödəkçələrin tapıldığı görünür.

 

"Qoşunlar dəqiq, kəşfiyyat məlumatları əsasında xəstəxanada axtarış aparmağa davam edir. Əlavə məlumat toplamaq, əlavə aktivlər aşkar etmək və xəstəxana daxilində terror fəaliyyətlərini ifşa etmək üçün bunu davam etdirəcəyik", - İsrail Ordunun sözçüsü kontr-admiral Daniel Haqari mətbuat brifinqində deyib.

 

ABŞ prezidenti Co Bayden HƏMAS-ın xəstəxana altında qərargah yerləşdirməklə hərbi cinayətlər törətdiyini bildirib. Onun sözlərinə görə, İsrail məhdud sayda silahlı qüvvə ilə "Əl Şəfa"ya daxil olub. "Onlara deyildi ... biz onların inanılmaz dərəcədə diqqətli olmalarının vacibliyini müzakirə etdik", - Bayden çərşənbə günü jurnalistlərə bildirib.

 

Qətərdə yaşayan HƏMAS-ın yüksək vəzifəli üzvü Ezzat El Raşq İsrialin yalan danışığını iddia edib. Fələstinin WAFA rəsmi xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri çərşənbə günü axşam "24 saat ərzində ikinci dəfə" xəstəxana kompleksinə basqın edib. Agentlik yerli mənbələrə istinadən bildirir ki, xəstəxanaya daxil olmaq üçün buldozerlərdən və hərbi maşınlardan istifadə edilib. HƏMAS-a bağlı mətbuat İsrail tanklarının "Əl Şəfa" kompleksinin cənub tərəfindən reyd etdiyini və ərazidə atışma səslərinin eşidildiyini yazıb.

 

Xatırladaq ki, İsrail oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra Qəzzanı idarə edən qruplaşmaya qarşı kampaniyaya başlayıb. İsrail 75 illik tarixinin ən qanlı günündə 1200 nəfərin öldürüldüyünü və 240 nəfərin girov götürüldüyünü bildirir.

 

İsrail HƏMAS-ı məhv edəcəyinə söz verib, lakin müharibədən sonra Qəzzanı kimin idarə edəcəyi ilə bağlı plan irəli sürməyib. Bayden çərşənbə günü deyib ki, o, İsrailin baş naziri Benyamin Netanyahuya iki dövlətli planın İsrail-Fələstin münaqişəsinin həllinin yeganə yolu olduğunu və Qəzzanın ələ keçirilməsinin "böyük səhv" olacağını deyib. O, HƏMAS tərəfindən saxlanılan girovları azad etmək üçün əlindən gələni etdiyini vurğulayıb. ABŞ Prezidenti jurnalistlərin müharibənin nə vaxt başa çatacağı barədə sualına belə cavab verib: "Mən falçı deyiləm".

 

Vaşinqton münaqişənin yayılmasının qarşısını almaq və HƏMAS-a dəstək verən İranı bu işə qarışmaqdan çəkindirmək üçün bölgəyə iki avidaşıyıcı və dəstək gəmiləri göndərərək Yaxın Şərqdəki hərbi mövcudluğunu artırıb.

 

Yeri gəlmişkən, Qərb mətbuatında yayılan məlumatlara görə, İranın ali lideri noyabrın əvvəlində Tehranda keçirilən görüş zamanı HƏMAS rəhbərinə aktiv müharibəyə qoşulmayacaqlarını bildirib: "Siz oktyabrın 7-də İsrailə hücumunuz barədə bizə heç bir xəbərdarlıq etmədiniz və biz sizin adınıza müharibəyə girməyəcəyik". Əli Xamenei İsmayıl Haniyə İranın HƏMAS-a siyasi və mənəvi dəstək verməyə davam edəcəyini, lakin birbaşa müdaxilə etməyəcəyini deyib.

 

Müharibə başlayandan bəri Qəzzaya yanacaq daşıyan ilk yük maşını göndərilib. Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus maşın dizel yanacağını Misirdən Qəzzaya aparıb. Məlumata görə, ilkin olaraq Qəzzaya 24,000 litr dizel göndərilib 

 

Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yardımın çatdırılması üçün təcili və daha uzun müddət davam edən humanitar fasilələrə çağırıb.

 

İsrail indiyədək atəşkəs çağırışlarını rədd edib və bunun HƏMAS-a fayda verəcəyini bildirib. Oktyabrın 7-də baş vermiş hücumda girov götürülmüş şəxslərin azad edilməsi üçün Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda döyüşlərə fasilə verilməsi müzakirə edilib. Danışıqlarda məlumatlı olan bir rəsmi "Reuters"ə bildirib ki, Qətər vasitəçiləri üç günlük atəşkəs, HƏMAS-ın 50 əsiri, İsrailin isə məhbuslar arasında bəzi qadınları və azyaşlıları azad etməsini nəzərdə tutan razılaşma üçün danışıqlar aparırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək