ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, Kissincer 2023-cü il noyabrın 30-da Konnektikutdakı evində dünyasını dəyişib.
Siyasətçinin dəfn yeri və tarixi hələlik açıqlanmayıb. Dövlət Departamentinin keçmiş rəhbərinin ölümü ilə bağlı məlumatı özünün təsis etdiyi "Kissinger Associates" konsaltinq şirkəti də təsdiq edib.
Kissincer Riçard Nikson və Cerald Fordun dövründə ABŞ dövlət katibi vəzifəsində çalışıb. Amerikanın “çevik reaksiya” doktrinasının müəlliflərindən biri olan Henri Kissincer Soyuq Müharibə dövründə Qərblə Şərq arasında çəkindirmə və nüvə silahlarına nəzarətin yaradılmasını müdafiə edirdi.
Onun səyləri sayəsində Sovet-Amerika Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsi (SALT-1) (1972) və Anti-Ballistik Raket Müqaviləsi (1972; ABŞ 2002-ci ildə müqavilədən çıxdı) imzalandı. O, Qərbi Berlin üzrə dördtərəfli sazişin (1971), Vyetnamda hərbi əməliyyatların dayandırılması və sülhün bərpası haqqında Paris sazişlərinin (1973) bağlanmasına mühüm töhfə verib və buna görə Nobel Sülh Mükafatına layiq görülüb..