Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman İranı müzakirə ediblər.
Modern.az TASS-a istinadən xəbər verir ki, Tehranın nüvə proqramının dinc xarakterli olmasına sadiqliyinin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, ölkələr neft və qaz sahəsində əməkdaşlığı genişləndirəcək və Fələstin ərazilərində hərbi əməliyyatların dərhal dayandırılmasının tərəfdarıdırlar.
"Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı iki ölkənin ümumi maraqlarına nail olmaq üçün müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Moskva Ər-Riyada Ukraynada göstərdiyi humanitar və siyasi səylərə, o cümlədən məhbusların azad edilməsinə görə minnətdardır. Ümid ifadə olunub ki, Suriyanın Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasında iştirakının bərpası Suriya böhranının həllinə kömək edəcək. Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı Yəmən böhranının həlli üçün beynəlxalq səyləri dəstəkləyiblər. Rusiya Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin bərpasını alqışlayır", - məlumatda deyilir.
Putin səmimi qəbula və qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Səudiyyə Ərəbistanında səfərdədir.