Avropada ABŞ-nin NATO-dan mümkün çıxışı halında təhlükəsizliyin təmin edilməsi üçün ehtiyat plan üzərində müzakirələr intensivləşib.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri bir neçə mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırlanan planın məqsədi Avropa İttifaqının NATO-nun mövcud hərbi strukturlarından istifadə etməklə özünü müdafiə edə bilməsini təmin etməkdir. Məlumata görə, bu təşəbbüs üzərində işləyən bəzi rəsmilər layihəni qeyri-rəsmi şəkildə “Avropa NATO-su” adlandırırlar. Onlar alyans daxilində komanda və qərargah vəzifələrində daha çox avropalının təmsil olunmasına çalışır, həmçinin ABŞ-ın hərbi imkanlarını Avropa ölkələrinin resursları ilə tamamlamanı hədəfləyirlər.
Mənbələrin sözlərinə görə, sözügedən planlar əsasən qeyri-rəsmi müzakirələr, o cümlədən qapalı görüşlər və işgüzar naharlar çərçivəsində irəli sürülür və mövcud NATO alyansına rəqib struktur yaratmaq məqsədi daşımır.
Qeyd olunur ki, müzakirələrin aktivləşməsinə əsas səbəblərdən biri Almaniyanın mövqeyindəki dəyişiklikdir. Belə ki, əvvəllər Berlin Fransanın təşviq etdiyi Avropanın daha müstəqil müdafiə siyasəti ideyasına qarşı çıxır və ABŞ-ın təhlükəsizlik təminatçısı rolunun qorunmasını üstün tuturdu. Lakin 2025-ci ilin mayında kansler vəzifəsinə gələn Friedrich Merz dövründə Almaniyada ABŞ-ın müttəfiq kimi etibarlılığı ilə bağlı şübhələr yaranmağa başlayıb.