İran gizli şəkildə Çin istehsalı olan kəşfiyyat peyki alıb və bu, ona Yaxın Şərqdə ABŞ hərbi bazalarına dəqiq zərbələr endirməyə imkan verib.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times”ın araşdırmasında bildirilib.
Qəzetin araşdırdığı İran hərbi sənədlərinə görə, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri 2024-cü ilin sonunda TEE-01B adlı peyki əldə edib.
Bu peyk Çin şirkəti Earth Eye tərəfindən istehsal olunub və 0,5 metr ayırdetmə qabiliyyəti ilə təsvirlər çəkə bilir. Bu, yerdə təyyarələri, nəqliyyat vasitələrini və kiçik infrastruktur obyektlərini aydın şəkildə fərqləndirməyə imkan verir. Bundan əvvəl İrandakı peyklərin ayırdetmə qabiliyyəti 5 metr və ya 12–15 metr idi.
Çinli satıcı ilə bağlanan müqaviləyə əsasən, SEPAH həmçinin peyk idarəetməsi və məlumat ötürülməsi üzrə Pekində yerləşən xidmət provayderi Emposat tərəfindən idarə olunan kommersiya yerüstü stansiyalarına çıxış əldə edib. Emposat şəbəkəsi Asiya və Latın Amerikası da daxil olmaqla dünyanın bir çox regionunu əhatə edir. Razılaşmanın ümumi dəyəri 36,6 milyon dollar olub.
“Financial Times”ın əldə etdiyi İran sənədlərinə görə, son aylarda İran hərbi komandanlığı TEE-01B peyki vasitəsilə regiondakı ABŞ-ın əsas hərbi obyektlərini izləyib. Xüsusilə, sənədlərdə Səudiyyə Ərəbistanındakı “Prins Sultən” bazasının 13, 14 və 15 mart tarixlərində çəkilmiş peyk görüntüləri var. Həmin günlərdə bazaya hücumlar edilib və oradakı yanacaq dolduran təyyarələrə ziyan dəyib.
İranın əlində həmçinin İordaniya, Bəhreyn, Küveyt və Oman ərazilərindəki bazaların, eləcə də limanların, hava limanlarının və regiondakı sənaye obyektlərinin görüntüləri də mövcuddur.