İran hava məkanını qismən yenidən açıb.
Modern.az xəbər verir ki. bu barədə ISNA agentliyi İran Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.
Bildirilib ki, ölkənin hava məkanının bir hissəsi bu gün yerli vaxtla səhər saat 7:00-dan etibarən yenidən açılıb.
"Saat 07:00-dan etibarən ölkənin hava məkanı və bəzi hava limanları yenidən açılıb. Hava məkanının şərq hissəsindəki marşrutlar beynəlxalq uçuşların İran üzərindən keçidi üçün açıqdır", - məlumatda qeyd edilib.
Həmçinin Mülki Aviasiya Təşkilatı bildirib ki, ölkə hava limanlarında uçuş əməliyyatları hərbi və mülki bölmələrin texniki və əməliyyat hazırlığına uyğun olaraq mərhələli şəkildə bərpa olunacaq və vətəndaşlara sərnişin xidmətləri təqdim ediləcək.
Açıqlamanın sonunda vətəndaşlardan xahiş olunub ki, xəbərləri və əlavə məlumatları yalnız Mülki Aviasiya Təşkilatının rəsmi kanalları vasitəsilə izləsinlər.
Xatırladaq ki, İran ABŞ və İsrailin 28 fevralda başlayan hava hücumlarından sonra hava məkanını bağlayıb.