Almaniyada 450-dən çox məktəbə bomba qoyulması ilə bağlı təhdid mesajları yayılıb.
Modern.az-ın "Bild"ə istinadla xəbərinə görə, Freiburq polisi bildirib ki, çoxsaylı məktəblərə, o cümlədən təcili yardım xəttinə mümkün partlayış təhlükəsi ilə bağlı məlumatlar daxil olub. Təhdidlərin elektron poçt vasitəsilə göndərildiyi bildirilir.
Məktəblərə göndərilən bütün məktublarda eyni mətn yer alıb. Polis təhdidlərin müəllifini müəyyənləşdirmək üçün araşdırma aparır.
Hüquq-mühafizə orqanları təhdidləri real hesab etmir və şagirdlərin təxliyəsinə ehtiyac olmadığını bildirir. Bununla belə, bəzi məktəblər şagirdləri evə buraxıb, həmin təhsil müəssisələrinə polis patrulları göndərilib.
Drezden və ətraf ərazilərdə məktəblərə bomba qoyulması ilə bağlı 90 müraciət qeydə alınıb. Polisin açıqlamasına görə, ciddi təhlükə əlaməti yoxdur.
Oxşar təhdidlər Danimarkadakı məktəblərə də göndərilib. Bundan əvvəl İtaliyada minlərlə məktəbi əhatə edən analoji hadisə yaşanıb.