ABŞ prezidenti Donald Trampın İsraildən Livanı bombalamağı dayandırmağı tələb etməsi Benyamin Netanyahu və İsrail rəhbərliyində şok yaradıb.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, Netanyahu bu xəbəri mediadan öyrənib və dərhal Ağ Evdən izahat istəyib.
Tramp İsrail və Livan arasında 10 günlük atəşkəs elan edildiyini bildirib və hücumların tam dayandırılmasını tələb edib. Razılaşmaya görə İsrail hücum əməliyyatları aparmamalıdır, amma “özünü müdafiə” hüququ saxlanılır. Bu isə tərəflər arasında ziddiyyət yaradıb.
“Əl-Cəzirə” yazır ki, ölkə daxilində Netanyahu təzyiq altındadır, çünki həm siyasətçilər, həm də cəmiyyət Livandakı “Hizbullah” qruplaşmasına qarşı əməliyyatların davamını istəyirdi. Buna baxmayaraq, Netanyahu ABŞ-ın təzyiqi ilə atəşkəsi qəbul etməli olub.
İsrail mənbələri hesab edir ki, bu açıqlamadan sonra Livanda döyüşlərin yenidən başlaması ehtimalı azdır və ABŞ regionda, o cümlədən İran ilə daha geniş razılaşmaya çalışır.