YouTube istifadəçiləri üçün uzun müddətdir gözlənilən “picture-in-picture” funksiyası artıq bütün dünyada mərhələli şəkildə istifadəyə verilir.
Modern.az xəbər verir ki, bu barədə “Engadget” platforması məlumat yayıb.
Bildirir ki, bu yenilik həm Android, həm də iOS istifadəçilərini əhatə edir və ən vacibi artıq bu funksiyadan istifadə etmək üçün Premium abunə tələb olunmur.
Şirkətin açıqlamasına görə, funksiya yaxın aylarda bütün istifadəçilərin hesablarına tədricən əlavə ediləcək. Aktiv olduqdan sonra istifadəçilər videonu kiçik pəncərəyə keçirərək tətbiqdən çıxsalar belə izləməyə davam edə biləcəklər. Bunun üçün sadəcə tətbiqdən çıxmaq kifayətdir. Video avtomatik olaraq ekranın küncündə mini pleyer şəklində işləməyə davam edəcək.
Bu xüsusiyyət ilk dəfə ABŞ-də Premium istifadəçilər üçün təqdim edilmişdi. Android-də 2018-ci ildə, iOS-da isə 2021-ci ildə. Daha sonra ABŞ-də bütün istifadəçilər üçün əlçatan oldu. İndi isə YouTube bu təcrübəni qlobal səviyyədə genişləndirir. Bununla belə, müəyyən məhdudiyyətlər qalır. Pulsuz istifadəçilər üçün “picture-in-picture” funksiyası yalnız uzun formatlı və musiqi olmayan videolarda işləyəcək. Premium abunəçilər isə əlavə olaraq musiqi videolarını da PiP rejimində izləyə biləcəklər.