Modern.az

Tramp Çində nələri müzakirə edəcək...

Tramp Çində nələri müzakirə edəcək...

Dünya

Bu gün, 10:16

ABŞ Prezidenti Donald Trump Çin sədri Si Cinpin ilə görüşdə İran məsələsini və əsas mövzu olaraq ticarəti müzakirə edəcək.

Modern.az xəbər verir ki, bu barədə Tramp səfəröncəsi jurnalistlərə açıqlamasında deyib.

Tramp qeyd edib ki, Si Cinpinlə uzun və ətraflı müzakirə aparacaq:

“Düşünürəm ki, bu barədə uzun söhbətimiz olacaq. Açığı, hesab edirəm ki, o, kifayət qədər yaxşı əhval-ruhiyyədədir. Blokada ilə bağlı problem yoxdur. Onlar həmin regiondan çoxlu neft alırlar. Bizim heç bir problemimiz olmayıb".

ABŞ prezidentindən Çinin İran məsələsinə müdaxilə etməsinin vacibliyi barədə soruşulduqda isə o, Vaşinqtonun buna ehtiyac duymadığını bildirib:

“Düşünmürəm ki, İran məsələsində onların hər hansı köməyinə ehtiyacımız var. Biz istənilən halda qalib gələcəyik. Onların donanması məhv edilib. Hərbi hava qüvvələri məhv edilib. Hərbi maşının bütün elementləri sıradan çıxarılıb”.

Tramp Si Cinpinlə müzakirə ediləcək çoxsaylı məsələlərin olduğunu və İran mövzusunun əsas gündəm olmayacağını vurğulayıb:

“Ya razılaşma əldə edəcəyik, ya da onlar məhv ediləcəklər. Hər iki halda qalib gələcəyik. Çin lideri ilə görüşdə əsas diqqət ticarət münasibətlərinə yönələcək".

Rusiya-Ukrayna müharibəsinə də toxunan ABŞ prezidenti münaqişənin yekunlaşmağa yaxın olduğunu və yaxın vaxtlarda Moskva ilə Kiyev arasında həll yolunun tapılacağını deyib.

Rusiyanın neft sektoruna tətbiq olunan sanksiyaların yumşaldılmasının uzadılması ehtimalı ilə bağlı suala cavabında isə Tramp enerji böhranının qarşısını almaq üçün lazım olan bütün addımların atılacağını vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, həm özü, həm də Si Cinpin qarşıdakı görüşü səbirsizliklə gözləyirlər:

“Bu, möhtəşəm görüş olacaq. Si Cinpin mənim dostumdur”.

Qeyd edək ki, Trampı müşayiət edən nümayəndə heyətində müxtəlif sahələrin rəhbərləri, o cümlədən Tim Kuk, İlon Mask və Censen Hanq də yer alıb.

Xatırladaq ki, Donald Trampın Çinə dövlət səfəri mayın 15-dək davam edəcək. Bu, 2017-ci ildən bəri ABŞ prezidentinin Çinə ilk səfəri olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?