“Bakı Metropoliteni”ndə qatarların hərəkətində müşahidə olunan qısamüddətli yubanmaların səbəbi açıqlanıb.
Bu barədə Modern.az-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, qatarların hərəkətində yaranan 1-2 dəqiqəlik gecikmələr enerji təchizatında baş verən gərginlik düşməsi və hava şəraiti ilə əlaqədar olub.
“Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində metropolitendə sərnişin axınında artım qeydə alınıb. Bu isə normal haldır. Hazırda heç bir problem və yubanma yoxdur, məsələ tam aradan qaldırılıb”, – deyə qurum rəsmisi bildirib.
Bəxtiyar Məmmədov sərnişinlərə narahatlıq və təşvişə əsas olmadığını vurğulayıb:
“Bu, profilaktik xarakterli texniki haldır. Hər hansı ajiotaj və ciddi problem yoxdur”.