Məhərrəmlik ayının ən önəmli mərasimlərindən biri olan Aşura günü münasibətilə Azərbaycanda ənənəvi qanvermə aksiyaları təşkil olunacaq.
Modern.az xəbər verir ki, aksiyalar bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Kərbəla şəhidlərinin xatirəsinə keçirilən qanvermə aksiyası müqəddəs dinimizin humanizm və mərhəmət prinsiplərinə uyğun olan ən layiqli əzadarlıq nümunələrindən biridir. Uzun illərdir davam edən bu xeyriyyə təşəbbüsü cəmiyyət tərəfindən rəğbətlə qarşılanır və minlərlə insanın sağlamlığına töhfə verir.
Məlumata görə, dindarlar bu il də Allah rizası üçün, İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin əziz xatirəsinə ehsan niyyəti ilə qan verərək ağır xəstəliklərdən əziyyət çəkən insanlara, xüsusilə irsi qan xəstəlikləri ilə mübarizə aparan uşaqlara yardım göstərəcəklər.
Qanvermə aksiyaları Bakı şəhərindəki məscid və ziyarətgahlarda, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında, Respublika Qan Bankının bölmələrində və tibb müəssisələrində təşkil olunacaq.
Aksiyalar Bakı şəhərində Mirmövsüm Ağa Ziyarətgahı, Təzə Pir məscidi, Bibiheybət məscid-ziyarətgahı, Əjdərbəy məscidi, İmam-Rza məscidi, Qaraçuxur məscidi, Sahib-əz-Zaman məscidi və digər ibadət ocaqlarında keçiriləcək.
Bununla yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Bərdə, Quba, Masallı, Göyçay, Xaçmaz, Salyan, Ağdam, Şuşa və Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında qanvermə məntəqələri fəaliyyət göstərəcək.
Təşkilatçılar vətəndaşları aksiyalarda fəal iştirak etməyə çağıraraq, verilən hər damla qanın insan həyatının xilasına xidmət etdiyini vurğulayıblar.