Rusiya ilə Çin 2023-cü ildə hərbi-texniki əməkdaşlıq, kosmik silahlar, hava hücumundan müdafiə sistemləri və "Starlink" peyk şəbəkəsinə qarşı mübarizə ilə bağlı məxfi danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə "The Insider", "Der Spiegel" və "Le Monde" nəşrlərinin birgə araşdırmasında bildirilir.
Məlumatlar 2023-cü ilin payızında Çinin Quançjou şəhərində keçirilən III Çin–Rusiya Hərbi-Texniki Əməkdaşlıq Forumunda təqdim olunan materiallara, həmçinin həmin ilin iyununda Moskvada imzalanmış ikitərəfli protokola əsaslanır.
Sənədlərdə tərəflərin kosmik silahlar, peyklərin məhv edilməsi, hava hücumundan və raketdən müdafiə sistemləri, hərbi texnika, aviasiya və qoşunların təminatı sahəsində əməkdaşlığı qeyd olunur.
Bildirilir ki, "Starlink" peyk sisteminə qarşı mübarizə üçün kiberhücumlar həyata keçirilməli, eləcə də peyklərin ucuz Çin istehsalı olan tutucu sistemlərlə fiziki məhv edilməsi təklif olunub. Bundan başqa, Çin tərəfi digər maraqlı ölkələrin də cəlb ediləcəyi “Starlink əleyhinə texniki alyans”ın yaradılmasını irəli sürüb.
Araşdırmada qeyd olunur ki, Moskvada imzalanmış protokol ABŞ-nin hipersəs və ballistik raketlərini, eləcə də manevr edən döyüş bloklarını ələ keçirmək üçün alçaq hündürlüklü hava hücumundan və raketdən müdafiə sisteminin hazırlanmasına başlanılması barədə razılaşmanı da əks etdirir. Tərəflər perspektivli HHM/REM sistemlərinin layihələndirilməsinə də başlamağı razılaşdırıblar.
Bundan əlavə, 2023-cü ildə Rusiya döyüş təcrübəsini, Çin isə süni intellekt texnologiyaları və kütləvi istehsal imkanlarını paylaşaraq yeni nəsil avtonom “sürü” tipli döyüş sursatlarının birgə hazırlanmasını müzakirə edib.
İddialara görə, bu əməkdaşlığın nəticələrindən biri Ukraynada istifadə olunan V2U adlı pilotsuz uçuş aparatı olub. Bildirilir ki, onun bir çox komponenti, o cümlədən süni intellekt modulu Çin istehsalıdır.