ABŞ Prezidenti Donald Trampın NATO sammiti zamanı xüsusi diqqət göstərdiyi İslandiyanın Baş naziri Kristrun Frostadottir beynəlxalq medianın diqqət mərkəzinə düşüb.
Modern.az xəbər verir ki, 38 yaşlı Kristrun Frostadottir hazırda NATO ölkələri arasında hökumət başçısı vəzifəsini tutan ən gənc liderlərdən biridir. O, 2024-cü il dekabrın 21-də İslandiyanın Baş naziri vəzifəsinə başlayıb və Sosial Demokrat Alyans Partiyasına rəhbərlik edir.
İqtisadçı təhsili alan Frostadottir İslandiya Universitetində bakalavr, Boston Universitetində iqtisadiyyat, Yale Universitetində isə beynəlxalq iqtisadiyyat üzrə magistr təhsili alıb. Siyasətə gəlməzdən əvvəl Arion Bank, Kvika Bank, İslandiya Ticarət Palatası və ABŞ-ın “Morgan Stanley” investisiya bankında çalışıb. O, həmçinin iqtisadiyyat üzrə analitik və jurnalist kimi fəaliyyət göstərib.
Kristrun Frostadottir 2021-ci ildə ilk dəfə parlamentə seçilib, 2022-ci ildə isə Sosial Demokrat Alyans Partiyasının sədri olub. Növbədənkənar parlament seçkilərində partiyasının qələbəsindən sonra üçpartiyalı koalisiya hökuməti quraraq Baş nazir vəzifəsinə gətirilib.
Frostadottir iqtisadi islahatlar, sosial rifahın gücləndirilməsi, mənzil probleminin həlli və inflyasiyanın azaldılması istiqamətində siyasəti ilə tanınır. Onun hökuməti, həmçinin ölkənin Avropa İttifaqına üzvlük danışıqlarının bərpası ilə bağlı referendum keçirilməsi təşəbbüsü ilə çıxış edib.