ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəliləyiş əldə olunduğunu bildirib. O, yaxın vaxtlarda həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə üzbəüz görüşlərin planlaşdırıldığını açıqlayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı danışıb. Onun sözlərini “Fox News” telekanalı yayıb.
“Rusiya və Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq. Prezident Putin və Prezident Zelenski ilə görüşəcəyik”, – deyə ABŞ lideri bildirib.
Donald Tramp daha əvvəl də Ukrayna münaqişəsinin həllinə yaxınlaşıldığını bildirmişdi.
Yaxın günlərdə - noyanbrın 4-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların keçirilməsi nəzərdə tutulur.