Ermənistanda 2026-cı il parlament seçkilərində səs vermiş seçici Lusine Avakyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
Modern.az xəbər verir ki, bu barədə "a1plus.am" məlumat yayıb.
Məlumata görə, iddiaya səbəb Paşinyanın 2026-cı il iyunun 11-də verdiyi açıqlama olub. Baş nazir həmin çıxışında demişdi:
"Vətəndaş Müqaviləsi" Partiyası səslərin 100 faizini tamamilə təbii şəkildə qazanıb, digər siyasi qüvvələr isə səslərin 100 faizini seçici rüşvəti hesabına əldə edib".
Lusine Avakyan bildirib ki, o, parlament seçkilərində müxalif siyasi qüvvələrdən birinə səs verib. Onun sözlərinə görə, Paşinyanın bu açıqlaması dolayısı ilə ona da aiddir və həqiqəti əks etdirmir, həmçinin şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna xələl gətirir.
İddia ərizəsində məhkəmədən Nikol Paşinyanın 5 iş günü ərzində Avakyan barəsində yaydığı və böhtan hesab olunan məlumatları ictimai şəkildə təkzib etməsinin tələb edilməsi xahiş olunur.
Bundan başqa, iddiaçı böhtana görə dəymiş zərərin əvəzi kimi Paşinyandan 3 milyon dram təzminat tutulmasını istəyir. İddia təmin ediləcəyi təqdirdə, əvvəlcədən ödənilmiş 230 min dram dövlət rüsumunun da cavabdehdən tutulması tələb olunur.
Məlumata görə, iddia ərizəsi İrəvan şəhəri Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Naira Avetisyanın icraatına təqdim edilib. Lakin hələlik işin məhkəmə icraatına qəbul edilib-edilmədiyi məlum deyil.