Dünya çempionatı bütün futbolsevərlərin diqqət mərkəzindədir. Başa çatmada olan DÇ-2026-da ən çox müzakirə olunan simalarından biri isə yenə də Lionel Messidir. 39 yaşında olmasına baxmayaraq, argentinalı ulduz meydanda nümayiş etdirdiyi futbol ilə hələ də milyonları heyrətləndirməyi bacarır. Turnirdə 8 qol və 4 assist vermiş Messi təkcə Argentina futbolunun deyil, həm də dünyada böyük iz qoymuş italyan mənşəli futbolçular nəslinin davamçılarından biridir.
Modern.az xatırladır ki, dünya futbolunun formalaşmasında italyan mənşəli oyunçuların təsiri düşündüyümüzdən qat-qat böyükdür və İtaliya dünya çempionatına vəsiqə qazanmasa da, italyan əsilli futbolçular dünya futboluna hökm etməkdə davam edirlər.
Son qiymətləndirmələrə görə, Argentina əhalisinin təxminən 60 faizi tam və ya qismən italyan mənşəlidir. XIX əsrin sonu və XX əsrin əvvəllərində milyonlarla italyan Argentinaya köçüb. Bu gün ölkənin futbol mədəniyyətində həmin köçün izləri açıq görünür.
Haqqında danışdığımız və bu gün əksər ekspertlər tərəfindən tarixin ən yaxşısı kimi tanımlanan Lionel Messinin ailəsi 120 il əvvəl İtaliyanın Ankona bölgəsindən Argentinaya köçüb. Dieqo Maradonanın ailə kökləri də İtaliyaya bağlıdır. Anxel Di Mariya, Mauro İkardi, Xavyer Zanetti, Qabriel Batistuta və bir çox digər Argentina əfsanələrinin soyadları belə onların italyan köklərindən xəbər verir.
Təsadüfi deyil ki, Argentina futbolu ilə İtaliya futbolu arasında həmişə xüsusi bağlılıq olub. Bir çox argentinalı ulduz karyerasının ən parlaq illərini A Seriyasında keçirib. Argentinada anadan olan yarımmüdafiəçi Mauro Kamorenezi isə sonradan İtaliyaya köçərək bu ölkənin vətəndaşlığını alıb.
İtalyan miqrasiyasının ən böyük istiqamətlərindən biri də Braziliya olub. Bu gün Braziliyada on milyonlarla italyan mənşəli insan yaşayır.
Futbol tarixinin ən məşhur simalarından biri olan Kakanın ailəsi də italyan köklərinə malikdir. Son mundialda Braziliya yığmasının hücumçusu Qabriel Martinelli, Dunqa, Jorjinyo, Rafinya və s. Braziliya futbolunun ulduzları da müxtəlif dövrlərdə İtaliyadan gəlmiş ailələrin övladları olublar.
Fransa futbolunun simvollarından hesab olunan Mişel Platini italyan ailəsində dünyaya gəlib. Onun babası İtaliyanın Pyemont bölgəsindən Fransaya köçüb.

Platini təkcə Fransa futbolunun deyil, ümumiyyətlə dünya futbol tarixinin ən böyük oyunçularından biri hesab olunur.
İtaliyanın futbol tarixində yetişdirdiyi yerli əfsanələr isə ayrıca bir qalaktikadır.
Paolo Maldini müdafiəçi anlayışını yenidən yazan futbolçu hesab olunur. Alessandro Nesta zərif müdafiə sənətinin simvollarından biri idi. Andrea Pirlo isə futbol tarixinin ən intellektual yarımmüdafiəçilərindən biri sayılır.
Roberto Bacco milyonlarla azarkeş üçün futbol romantizminin simvoluna çevrilib. Onun texnikası, baxışları və oyunu bu gün də nümunə göstərilir.
Bu adlara Dino Zoffu, Franko Barezini, Canni Riveranı, Françesko Tottini, Alessandro Del Pyeronu və Canluici Buffonu da əlavə etdikdə siyahı daha da uzanır.
Əlbəttə, futbol tarixinin ən böyük futbolçularının kim olması ilə bağlı mübahisələr heç vaxt bitməyəcək. Lakin maraqlı məqam budur ki, ən çox hallandırılan adların əhəmiyyətli hissəsi birbaşa və ya dolayı şəkildə İtaliya ilə bağlıdır.
Messi, Maradona, Di Stefano, Platini, Zanetti, Di Mariya, Maldini, Nesta, Pirlo, Bacco...

Bu siyahı təsadüfi deyil.
İtaliya mundialda yoxdur, amma meydandadır
Son illərin ən böyük futbol paradokslarından biri də budur. Dördqat dünya çempionu olan İtaliya ardıcıl üçüncü dəfə mundialdan kənarda qalır. Lakin dünya futbolunun əsas səhnəsində italyan köklü futbolçular yenə də baş rollardadırlar.
Bəlkə də buna görə futbol tarixində İtaliyanın təsirini yalnız qazandığı kuboklarla ölçmək düzgün deyil. Çünki İtaliya təkcə öz millisi ilə deyil, milyonlarla insanın köç etdiyi ölkələrdə yetişən nəsillər vasitəsilə də dünya futbolunu formalaşdırıb.
Bu mənada bir iddia irəli sürmək mümkündür: futbolun ən böyük məktəbi məhz İtaliyadır. Hətta İtaliya millisi meydanda olmasa belə, onun izi hələ də dünya futbolunun hər yerində görünür.