Modern.az

Süni intellekt sahəsində karyera istəyənlərə yeni imkan

Süni intellekt sahəsində karyera istəyənlərə yeni imkan

Dünya

Bu gün, 15:12

Bakı Mühəndislik Universitetində (BMU) 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində "Süni intellekt" ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

Modern.az xəbər verir ki, yeni ixtisaslaşma İnformasiya və kompüter texnologiyaları fakültəsində "Kompüter elmləri" ixtisası çərçivəsində açılıb.

Bildirilib ki, ixtisaslaşmanın əsas məqsədi süni intellekt sahəsində yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, eyni zamanda rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun insan kapitalının formalaşdırılmasına töhfə verməkdir.

Tədris proqramı çərçivəsində tələbələr süni intellekt sistemləri və texnologiyaları, maşın öyrənməsi, generativ süni intellekt, data elmi və Big Data texnologiyaları, neyron şəbəkələr, dərin öyrənmə, təbii dilin emalı, bulud hesablamaları, kompüter görməsi, data mining, Virtual və Artırılmış Reallıq (VR/AR) üçün maşın öyrənməsi, eləcə də süni intellekt üçün ehtimal və statistika istiqamətləri üzrə nəzəri bilik və praktik bacarıqlar əldə edəcəklər.

Qeyd olunub ki, proqram tələbələrə data analitikası, kibertəhlükəsizlik, biznes analitikası, qərar qəbuletmə, innovativ layihələrin hazırlanması və tətbiqi kimi sahələrdə də peşəkar kompetensiyalar qazandıracaq. Bu isə məzunların dövlət və özəl sektorda, eləcə də elmi-tədqiqat müəssisələrində müasir texnologiyalar sahəsində fəaliyyət göstərməsinə imkan yaradacaq.

Məlumata görə, tədrisin ilk mərhələsində tələbələr riyazi, texniki və texnoloji baza üzrə fundamental biliklər əldə edəcəklər. Sonrakı mərhələdə isə süni intellekt, maşın öyrənməsi, təbii dilin emalı, neyron şəbəkələr və digər müasir texnologiyalar üzrə ixtisaslaşacaqlar.

Proqramın yekununda magistrantlar elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrində iştirak edəcək, əldə etdikləri bilikləri real iş mühitində tətbiq edəcək və magistrlik dissertasiyasını müdafiə edərək təhsillərini başa vuracaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!