Türkiyənin dörd vilayətində eyni gündə baş verən meşə yanğınları səbəbindən yaşayış məntəqələrində insanlar təxliyə olunub.
Modern.az xəbər verir ki, iyulun 29-da havaların kəskin istiləşməsi fonunda Muğla, Antalya, Balıkesir və Yalovada ard-arda meşə yanğınları qeydə alınıb. Bəzi yollar bağlanıb, alovların söndürülməsi istiqamətində havadan və qurudan əməliyyatlar davam edir.
Ən mürəkkəb vəziyyət Muğlanın Seydikemer rayonunda yaranıb. Qeyri-meşə sahəsində başlayan yanğın qısa müddətdə meşəlik əraziyə keçib. Yanğının söndürülməsinə 835 nəfər şəxsi heyət, 5 təyyarə, 18 helikopter, 93 yanğınsöndürən texnika və digər xüsusi vasitələr cəlb olunub. Təhlükəsizlik məqsədilə 121 ev və 202 sakin, eləcə də Seydikemer Rayon Xəstəxanası təxliyə edilib. Elektrik enerjisinin verilməsi dayandırılıb, 45 xəstə Fethiye Dövlət Xəstəxanasına köçürülüb. Seydikemer–Antalya avtomobil yolu da bağlanıb. Yanğın nəticəsində bir nəfər tüstüdən zərər çəkib.
Antalyanın Kaş rayonunda ötən gecədən davam edən meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir. Kumluca rayonunda isə günorta saatlarında başlayan yeni yanğın sürətlə genişlənərək yaşayış məntəqələri üçün təhlükə yaradıb. Bu səbəbdən Antalya–Kumluca D-400 avtomobil yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Balıkesirin Edremit rayonunda yerləşən Antandros qədim şəhərinin ətrafında başlayan meşə yanğını güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Yalovanın Armutlu rayonunda da meşə yanğını baş verib və əraziyə havadan, həmçinin qurudan müdaxilə edilir.