Modern.az

Paşinyanın dostu və qalmaqallı deputat – Kimlər rəhbər olacaq?

Paşinyanın dostu və qalmaqallı deputat – Kimlər rəhbər olacaq?

Dünya

29 İyul 2026, 23:35

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyəti Milli Assambleyanın 12 daimi komitəsinə sədr namizədlərini müəyyənləşdirib. Siyahıda Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan şəxslər və qalmaqallarla gündəmə gəlmiş deputatlar da yer alıb.

Modern.az xəbər verir ki, sosial məsələlər komitəsinə Nazeli Bağdasaryan, Səhiyyə komitəsinə Lusine Badalyan, Regional və Avrasiya inteqrasiyası komitəsinə Trdat Sarkisyan, Avropa inteqrasiyası komitəsinə isə Sona Qazaryan namizəd göstərilib.

İnsan hüquqları komitəsinə Zaruhi Batoyanın, Müdafiə və təhlükəsizlik komitəsinə isə Vilen Qabrielyanın namizədliyi irəli sürülüb. Qabrielyan bu vəzifə uğrunda Armen Xaçatryan və Sasun Mikaelyanla mübarizə apararaq üstünlük qazanıb. O, daha əvvəl Gümrüdə keçirilən mer seçkiləri zamanı sərxoş vəziyyətdə görüntülənməsi səbəbindən geniş müzakirələrə səbəb olmuşdu və mandatından imtina etmişdi. Ermənistan mediasının məlumatına görə, sonradan Baş nazir Nikol Paşinyanın göstərişi ilə yenidən partiya rəhbərliyinə qaytarılıb.

Digər altı daimi komitədə isə dəyişiklik olmayıb. Hakim partiya hazırkı sədrlərin namizədliyini yenidən dəstəkləyib.

Məlumata görə, müxalifətə ayrılacaq dörd komitənin rəhbərliyi müəyyənləşdikdən sonra hakim partiyanın həmin komitələr üzrə namizədləri sədr müavini vəzifəsini tutacaqlar.

Qeyd edək ki, partiyanın İdarə Heyətinin iclasında Milli Assambleyanın sədri Alen Simonyan iştirak etməyib. O, ölkə xaricində olduğundan iclasa qatılmayıb. Bununla yanaşı, hökumət aparatının sabiq rəhbəri Arayik Arutyunyan məzuniyyətdən qayıdaraq iclasda iştirak edib və vəzifədən gedişi ilə bağlı yaxın vaxtlarda açıqlama verəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA