İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ABŞ-ın təhdidləri və bölgədəki müdaxilələri davam etdiyi müddətdə Hörmüz boğazı açılmayacaq. Qurum həmçinin İrana qarşı hərbi əməliyyatlara dəstək verən ölkələri sərt cavabla hədələyib.
Modern.az xəbər verir ki, SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi "Nəsr-2" əməliyyatı ilə bağlı yaydığı 54 saylı bəyanatda bu barədə məlumat verib.
Bəyanatda bildirilir ki, ötən gecə ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının istiqamətləndirməsi ilə iki neft tankeri Hörmüz boğazının cənubundakı təhlükəli marşrutdan çıxmağa cəhd edib. Məlumata görə, tankerlərdən birində güclü yanğın baş verdikdən sonra hər iki gəmi geri qayıdıb.
SEPAH vurğulayıb ki, Hörmüz boğazı İranın nəzarətindədir və ölkədən minlərlə kilometr uzaqdan gələn heç bir qüvvənin bu bölgəyə müdaxiləsinə icazə verilməyəcək.
Bəyanatda həmçinin qeyd olunub ki, İrana qarşı "təcavüzkar tərəfə" yardım göstərən ölkələr davranışlarını dəyişməsələr, "sərt cavab" alacaqlar.
SEPAH əlavə edib ki, ABŞ rəsmilərinin təhdidləri və bölgədəki dəniz hərəkətlərinə müdaxiləsi davam etdiyi müddətdə Hörmüz boğazının yenidən açılması mümkün deyil və bu cür addımlar vəziyyəti daha da gərginləşdirəcək.