İsrail Qəzza zolağında münaqişənin nizamlanmasına dair hazırlanan 15 bəndlik planla bağlı etirazlarını ABŞ-yə təqdim edib.
Modern.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisinin yaydığı məlumata görə, ölkə öz iradlarını ABŞ-nin xüsusi nümayəndəsi Toni Blerə çatdırıb.
Bildirilib ki, İsrail istənilən siyasi prosesə başlamazdan əvvəl Fələstinin HƏMAS hərəkatının tam tərksilah edilməsini, silahların Qəzza zolağından çıxarılmasını və bölgənin tam demilitarizasiyasını əsas şərt kimi irəli sürür.
Açıqlamada qeyd olunub ki, müzakirə edilən 15 bəndlik sənəddə bu tələblərə kifayət qədər cavab verilmədiyi üçün İsrail öz etirazlarını ABŞ tərəfinə təqdim edib.
Bununla yanaşı, İsrail HƏMAS tərksilah olunmayana və Qəzza tam demilitarizasiya edilməyənə qədər ordusunu Qəzza zolağındakı "sarı xətt" adlandırılan mövqelərdən geri çəkməyəcəyini bəyan edib.
Xatırladaq ki, iyulun 27-də Baş nazir Benyamin Netanyahu ABŞ-nin İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzza zolağı, Livan və Suriyadakı mövqelərdən geri çəkilməsini tələb etdiyini bildirmişdi. Bundan əvvəl isə Netanyahu İranı mümkün hücumun ciddi nəticələri olacağı barədə xəbərdar etmişdi.