Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşmaq niyyətinin iqtisadi nəticələri ilə bağlı xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, Aİİ Ermənistan üçün təkcə əsas ixrac bazarı deyil, həm də ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan resursların başlıca mənbəyidir.
Onun sözlərinə görə, Ermənistanın Rusiya və digər Aİİ ölkələrinə ixrac etdiyi məhsulların həcmi kritik əhəmiyyət daşımır. Buna görə də Rusiya Ermənistandan idxal olunan malları ciddi çətinlik çəkmədən digər mənbələr hesabına əvəz edə bilər.
Nazir əlavə edib ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi Aİİ-dən kənarda Ermənistana təbii qazın eyni dərəcədə sərfəli şərtlərlə təklif olunacağına şübhə ilə yanaşır.
Maksim Reşetnikov “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı məsələyə də toxunaraq qeyd edib ki, şirkət Ermənistanın dəmir yolu infrastrukturunu pulsuz əldə etməyib və onun inkişafına investisiya yatırıb. O, vurğulayıb ki, mövcud razılaşmalar Ermənistan tərəfindən birtərəfli qaydada yenidən nəzərdən keçirilərsə, Rusiyadan əlavə ödəniş tələb olunması üçün əsas olmayacaq.