"Odessada və vilayətdə enerji infrastrukturuna endirilən ağır zərbədən sonra insanların elektrik enerjisi ilə təminatını bərpa etmək üçün təmir işləri davam edir. Bütün zəruri xidmətlər prosesə cəlb olunub və işlər lazım olduğu qədər davam etdiriləcək. Bu gecə yaşayış binalarına və limana da ziyan dəyib. Xüsusilə, ruslar bu yolla dünya ərzaq təhlükəsizliyinə qarşı sistemli şəkildə mübarizə aparırlar. Hazırda səkkiz nəfərin zərər çəkdiyi məlumdur. Onların hamısına lazımi yardım göstərilir".
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" hesabında bildirib.
Zelenski qeyd edib ki, Xarkovda pilotsuz uçuş aparatının birbaşa zərbəsi nəticəsində adi çoxmərtəbəli yaşayış binasının dörd mərtəbəsi dağılıb, onlarla insan yaralanıb, iki nəfər həlak olub.
"Pavloqradda ticarət mərkəzinin yaxınlığına və enerji infrastrukturuna son dərəcə ağır zərbə endirilib. Şəhərdə doqquz nəfər xəsarət alıb, onların arasında dörd uşaq da var. Həmçinin Jitomir, Nikolayev, Kiyev, Xerson, Sumı, Xarkov, Dnepropetrovsk vilayətlərinə, Zaporojye və Donetsk vilayətinə də zərbələr endirilib.
Rusiya "ballistik terror"a bel bağlamaqda davam edir və bu terror yalnız bir şəhər və ya bir icma ilə məhdudlaşmır. Təkcə bu həftə ərzində Ukraynaya qarşı müxtəlif tipli 61 raket tətbiq edilib, onlardan 56-sı ballistik trayektoriya üzrə hücum edib. Həmçinin 1 560-dan çox hücum dronu buraxılıb və 1 540 aviasiya bombası atılıb.
Dinc həyata endirilən hər bir belə zərbə bir daha xatırladır: təzyiqi artırmaq, Rusiyaya qarşı daha çox sanksiya tətbiq etmək və Ukraynanı daha çox hava hücumundan müdafiə vasitələri ilə təmin etmək lazımdır. Kömək edən hər kəsə minnətdaram", - Ukrayna lideri yazıb.