Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əbu-Dabiyə gələn Avropa nümayəndələrinin danışıqlar masasına buraxılmaması barədə suala istehzalı cavab verib.
Modern.az xəbər verir ki, ərəb dilli nəşrin jurnalistinin sualına Lavrov “Təyyarələri vurmağı təklif edirsiniz?” sözləri ilə reaksiya göstərib.
“Əbu-Dabiyə gediblər, qoy orada hotellərdə otursunlar. Amerikalılar bildiriblər ki, bizim nümayəndə heyəti ilə danışıqlardan əvvəl ukraynalılar və avropalılarla görüşəcəklər. Görünür, onların davamlı sülhə yönəlmiş nikbin ruhundan ilham almaq üçün”, – nazir deyib.
Lavrov ABŞ nümayəndələrinin ukraynalılar və avropalılarla görüşlərini perspektivli format hesab etmədiyini bildirib. Bununla belə, Moskvanın Vaşinqtonun həmin təmaslarına mane olmaq niyyətində olmadığını vurğulayıb.
Nazirin sözlərinə görə, Əbu-Dabi danışıqları Ukrayna, Rusiya və bütün regionun gələcək təhlükəsizlik arxitekturasına, mahiyyət etibarilə Avropa təhlükəsizliyinə həsr olunub.
Lavrov Rusiyanın bundan sonra nə baş verəcəyini dəqiq bilmədən növbəti atəşkəsə razılaşmayacağını da deyib.