İran və Fars körfəzi ölkələrinin sentyabrın 14-də Omanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik brifinq zamanı açıqlayıb.
O, görüşün Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salındığını təsdiqləyib.
“Bəli, bu doğrudur. Görüş Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salınıb. Bu, hazırda onların Yəmənlə arasında baş verənlərlə bağlıdır”, - Bəqai deyib.
Sentyabrın 14-də Omanda Fars körfəzi ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüşünün keçirilməsi planlaşdırılırdı.
İran XİN-in sözçüsü sentyabrın 11-də İran tərəfinin görüşdə iştirak edəcəyini təsdiqləmişdi.
Onun sözlərinə görə, görüşdə regional məsələlərlə yanaşı, Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların müəyyənləşdirilməsi ilə bağlı İran-Oman danışıqlarının nəticələrinin də müzakirəsi nəzərdə tutulurdu.
Qeyd olunur ki, fevralın 28-dən davam edən ABŞ-İran münaqişəsi səbəbindən Hörmüz boğazında gəmiçilik fəaliyyəti bloklanıb.