İsraildə seçkilərin qeyri-rəsmi nəticələri açıqlanandan sonra Benyamin Netanyahuya rəhbərlik etdiyi blokun hökumət qurmaq üçün tələb olunan 61 mandatı qazana bilmədiyi məlum olub.
Belə ki, Netanyahunun rəhbərlik etdiyi blok 53 mandat əldə edə bilib.
Modern.az xəbər verir ki, İsraildə seçkilərin nəticələri siyasi qeyri-müəyyənlik yaradıb.
İsrailin “Maariv” qəzeti yazır ki, Baş nazir Benyamin Netanyahunun “Likud” Partiyası 26 mandat qazanıb.
Onun rəhbərlik etdiyi sağçı və ultraortodoks partiyalardan ibarət blokun ümumi mandat sayı isə 53 olub.
İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun “Yashar” Partiyası 21 mandatla parlamentin ikinci ən böyük partiyası olmağa hazırlaşır.
Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku 48 mandat əldə edib.
Heç bir tərəfin hökumət qurmaq üçün tələb olunan 61 mandatı toplaya bilməməsi yeni hökumətin necə formalaşacağı sualını gündəmə gətirib.
İsrail vətəndaşı olan fələstinliləri təmsil edən “Ortaq Ərəb Siyahısı” ilə “Raam” partiyasının ümumi mandat sayının 19-a çatacağı gözlənilir. Bu nəticə ərəb partiyalarını hökumətin formalaşdırılması ilə bağlı danışıqlarda həlledici mövqeyə gətirir.
Bununla belə, həm Netanyahu blokunda, həm də müxalifət cəbhəsindəki bəzi partiyalar seçki kampaniyası zamanı ərəb partiyaları ilə koalisiya qurmayacaqlarını bəyan etmişdilər.
“Ortaq Ərəb Siyahısı” seçkilərin nəticələrindən sonra yaydığı bəyanatda Netanyahu hökumətinin yenidən qurulmasının qarşısını almaq və alternativ hökumətin formalaşdırılmasına şərait yaratmaq üçün müxalifətlə əməkdaşlığa hazır olduğunu bildirib.

Hersoqdan yeni seçki xəbərdarlığı
Qeyd edək ki, İsrail parlamentində - Knessetdə 120 deputat yeri mövcuddur.
Hazırkı vəziyyətə görə, Benyamin Netanyahunun bloku 53, müxalifətdə olan Qadi Ayzenkotun bloku 48 mandata sahiblənib.
Hökumət qurmaq üçün heç bir tərəf tələb olunan 61 yeri qazana bilmədiyindən siyasi danışıqların yeni dövrü başlayır.
Bu arada İsrail Prezidenti İshak Hersoq siyasi partiyaları yeni seçkidən yayınmağa çağırıb. O, koalisiya danışıqları zamanı tərəflərin “açıq fikirli” olmasının vacibliyini vurğulayıb.
Hersoq rəsmi seçki nəticələrini gələn həftə Ali Məhkəmənin hakimi Noam Solberqdən almağı gözlədiyini açıqlayıb. Prezident yeni seçki mərhələsinin qarşısının alınmasının vacibliyini qeyd edib.
İ.Hersoqun gələn həftə siyasi partiyalarla məsləhətləşmələrə başlaması gözlənilir. Lakin heç bir blok çoxluğu təmin edə bilməsə, İsraildə yeni seçkilər ən tez gələn ilin aprel ayında keçirilə bilər.
İsrailin qarşısında üç ssenari var
“The Times of Israel” qəzeti hökumətin formalaşdırılması ilə bağlı yaranmış vəziyyəti təhlil edərək İsrailin qarşısında üç əsas ssenarinin olduğunu yazıb.
Birinci ssenariyə görə, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku ərəb partiyalarının dəstəyi ilə azlıq hökuməti qurmağa cəhd edə bilər.
Bu modeldə ərəb partiyaları hökumətə birbaşa daxil olmadan, həlledici səsvermələrdə müxalifəti dəstəkləyə bilərlər.
Lakin müxalifətdəki bəzi partiyaların seçki kampaniyası zamanı ərəb partiyaları ilə koalisiya qurmayacaqlarını açıqlaması bu variantın qarşısındakı əsas maneələrdən biri hesab olunur.
İkinci ssenari müxtəlif siyasi baxışlara malik partiyaların geniş tərkibli birlik hökuməti qurmasıdır.
Belə bir hökumətdə “Likud”la yanaşı, Ben-Qvir və Smotriçin rəhbərlik etdiyi ifrat sağçı partiyalar, eləcə də ultraortodoks partiyalar yer ala bilər.
Bununla belə, müxalifətin Netanyahudan hazırkı siyasi tərəfdaşlarından bəzilərini hökumətdən kənarda saxlamağı tələb etməsi mümkündür.
Netanyahuya qarşı olan blokun seçkiqabağı verdiyi vədlər də bu variantın həyata keçirilməsini çətinləşdirə bilər. Çünki seçicilərə verilən vədlərdən geri çəkilmək müxalifət partiyaları üçün siyasi baxımdan ciddi problemlər yarada bilər.
Belə bir razılaşmanın əldə olunması tərəflərin bir-birinə nə dərəcədə güzəştə gedəcəyindən asılı olacaq.

Üçüncü ssenari siyasi partiyaların hökumətin yaradılması ilə bağlı razılığa gələ bilməməsi halında ölkənin yenidən seçkilərə getməsidir.
İsraildə 2019-cu ildə də heç bir siyasi blokun parlamentdə çoxluq əldə edə bilməməsi uzunmüddətli seçki prosesinə səbəb olmuşdu. 2021-ci ilin mart ayına qədər ölkədə bir neçə dəfə seçki keçirilmişdi.
Nəticədə Naftali Bennett və Yair Lapidin rəhbərlik etdiyi koalisiya Netanyahunu hakimiyyətdən uzaqlaşdırmışdı. 2022-ci ilin noyabrında keçirilən seçkilər isə Netanyahunun yenidən baş nazir vəzifəsinə qayıtmasını təmin etmişdi.
Hazırkı siyasi qütbləşmə İsraildə oxşar qeyri-müəyyənlik dövrünün yenidən yaşana biləcəyinə işarə edir.
Əgər tərəflər hökumətin qurulması ilə bağlı ortaq mövqeyə gələ bilməsələr, ölkədə yeni seçkilərin keçirilməsi qaçılmaz ola bilər.
Yeni baş nazirin müəyyənləşməsi aylarla uzana bilər
İsraildə hökumətin gələcəyi bir neçə əsas amildən asılı olacaq. Bunlara ərəb partiyalarının müxalifətə dəstək verib-verməyəcəyi, mərkəz-sağ partiyaların Netanyahu ilə razılığa gəlib-gəlməyəcəyi və siyasi qüvvələrin seçkiqabağı öhdəliklərinə sadiq qalıb-qalmayacağı daxildir.
Tərəflərdən heç biri parlamentdə çoxluğu təmin edə bilməsə, yeni baş nazirin müəyyənləşdirilməsi həftələrlə, hətta aylarla uzana bilər.
Bu müddətdə siyasi liderlərin əvvəlki müzakirələrdə gündəmə gətirilməyən koalisiya modellərini nəzərdən keçirməsi gözlənilir.
A.Qorxmaz