Böyük Britaniyada könüllü dalğıclar 700 il əvvəl su altında qalmış Şipden şəhərinin ərazisində təxminən 25 süni tikili aşkar ediblər.
Modern.az xarici mediaya istinadla bildirir ki, dalğıclar həmin qalıqları yerli tarixçinin köməyi ilə tapıblar.
Onlar suyun altında günümüzə qədər gəlib çatmış, çaxmaqdaşından tikilmiş orta əsr qurğularının şəkillərini çəkiblər.
Xüsusilə, dalğıclar dəniz dibində kessonlar (sualtı tikinti zamanı bünövrə və ya sədd kimi istifadə olunan iri daş və ya taxta) qurğular aşkar ediblər. Ehtimal olunur ki, bunlar irəliləyən dənizin qarşısını almaq məqsədilə görülən tədbirlərin bir hissəsi olub.
Keçmişdə Şipden Norfolkun şimal sahilində çiçəklənən bir orta əsr yaşayış məskəni idi. Lakin XIV əsrdə o, tamamilə Şimal dənizinin suları altında qalıb.
Şəhərin məhv olması bir çox əfsanənin yaranmasına səbəb olub. Ən məşhur rəvayətə görə, yerli Müqəddəs Pyotr kilsəsinin qülləsi suyun altında salamat qalaraq, "Kilsə Qayası" (Church Rock) kimi tanınan qaya çıxıntısının üzərində dayanıb. İnanılırdı ki, qabarma-çəkilmə zamanı həmin xarabalıqları görmək mümkündür, fırtınalı havalarda isə dənizçiləri təhlükə barədə xəbərdar edən kilsə zənglərinin səsini eşitmək olar.
1888-ci ildə "Viktoriya" adlı gəzinti gəmisi sualtı qayaya çırpılaraq orada ilişib qaldı. Sərnişinlər xilas edilsə də, gəmini oradan çıxarmaq mümkün olmadı. Qalıqların və həmin qayanın digər gəmilər üçün təhlükə yaratmasının qarşısını almaq məqsədilə onlar sonradan partladıldı.
Müasir sualtı tədqiqatlar "Kilsə Qayası"nın (Church Rock) əslində kilsə deyil, orta əsrlərə aid dəniz müdafiə qurğularının bir hissəsi olduğunu üzə çıxarıb və bununla da köhnə əfsanəni şübhə altına alıb.