İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-la uzunmüddətli müharibəyə hazırlaşıb.
Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın nümayəndəsi, briqada generalı Hüseyn Möhebbi bildirib.
“Müharibə davam edir və İslam İnqilabı Keşikçiləri Korpusu uzunmüddətli müharibəyə hazırlaşıb. O, əvvəldən də hazır idi, indi isə uzunmüddətli müharibəyə daha yaxşı hazırdır”, - general bildirib.
Möhebbi hazırkı vəziyyəti ABŞ-ın “tarixi və biabırçı məğlubiyyəti” kimi xarakterizə edib. Onun iddiasına görə, Vaşinqton bir sıra istiqamətlərdə strateji uğursuzluğa düçar olub.
Generalın sözlərinə görə, bunlara ABŞ-ın Hörmüz boğazını yenidən açmaq iqtidarında olmaması, regiondakı hərbi bazaların və kəşfiyyat obyektlərinin həssaslığı, eləcə də Amerika hərbi texnikasının İranın imkanları qarşısında səmərəsizliyi daxildir.
O, həmçinin ABŞ-ın regiondakı təsirini itirdiyini iddia edib.
“Amerika müharibəni uduzmadı – Amerika sistemi itirdi”, - Möhebbi deyib.
Onun sözlərinə görə, İran hazırda regionda yeni təhlükəsizlik sisteminin formalaşdırılmasında iştirak edir.
Bundan əvvəl İran ordusunun komandanı, general-mayor Əmir Hatəmi də ölkənin silahlı qüvvələrinin ABŞ və ya İsrail tərəfindən mümkün yeni hücumu dəf etməyə tam hazır olduğunu açıqlayıb.
Bu açıqlamalar Yaxın Şərqdə ABŞ-ın İrana qarşı yeni hərbi zərbələr endirə biləcəyi ilə bağlı narahatlığın artdığı bir vaxtda səslənib. Münaqişənin artıq təxminən yeddi aydır davam etdiyi və dalana dirəndiyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp isə bazar günü İranla bağlı qərar qəbul etmək prosesində olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton ölkənin “tamamilə məhv edilməsindən” tutmuş iqtisadi təzyiq göstərilməsinə və sülh sazişinin bağlanmasına qədər müxtəlif variantları nəzərdən keçirir.