ABŞ Prezidenti Donald Trampın bəzi media qurumlarının Ağ Evdə işləməsinə məhdudiyyət qoymasından sonra telekanallar Trampın tədbirlərini boykot etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, BBC-nin məlumatına görə, bu, ABŞ-da prezidentin fəaliyyəti ilə bağlı görünməmiş boykot kimi qiymətləndirilir.
Boykot qərarı Trampın cümə günü CNN, “Politico” və MS NOW-un Ağ Evdə fəaliyyət göstərməsinə qadağa qoymasından sonra qəbul edilib. Prezident bu media qurumlarının onun fəaliyyətini “mənfi işıqlandırdığını” bildirib.
Fox News, ABC, NBC və CBS qadağaya məruz qalmasa da, həmkarları ilə həmrəylik nümayiş etdirərək məhdudiyyətlər qüvvədə qaldığı müddətdə prezidentin tədbirlərini televiziya ilə canlı işıqlandırmayacaqlarını açıqlayıblar.
"New York Times" və "Washington Post" qəzetləri də həmkarları ilə həmrəylik əlaməti olaraq Trampın iştirak etdiyi rəsmi görüntüləri və materialları dərc etməkdən imtina etdiklərini açıqlayıblar.
Fox News-un Vaşinqton bürosunun rəhbəri Brayan Bouton bildirib:
“Bildiririk ki, bu gündən etibarən prezidentin televiziya tərəfindən canlı işıqlandırılması nəzərdə tutulan tədbirləri işıqlandırmayacaq”.
ABŞ mediası Tramp administrasiyanı söz azadlığını təmin edən ABŞ Konstitusiyasının Birinci Düzəlişini pozmaqda günahlandırıb.
Ağ Evdən “TRAMP TV”
Bu arada, Donald Tramp administrasiyası ilə bir sıra Amerika KİV-ləri arasında yaranmış münaqişə fonunda Ağ Ev “TRAMP TV: The Essentials Station” adlı onlayn yayım platformasını işə salıb.
Ağ Evin saytında yayımla bağlı “Tramp administrasiyasının fəaliyyəti dövründə baş verən ən mühüm hadisələri bir yerdə izləyin” ifadəsi yer alıb.
Yayımın təsvirində qeyd olunur ki, canlı yayım sentyabrın 21-də yerli vaxtla saat 19:00-da başlayıb.
Beləliklə, Tramp administrasiyası ilə ABŞ-ın aparıcı media qurumları arasında Ağ Evə çıxış və prezident tədbirlərinin işıqlandırılması ilə bağlı mübahisə yeni mərhələyə keçib.
A.Qorxmaz