Ermənistan parlamentində kilsənin “yenilənməsi” ilə bağlı yaradılacaq istintaq komissiyasına hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Eqoyan rəhbərlik edəcək.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Arusyak Manavazyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, deputatlar komissiyanın yaradılması üçün tələb olunan ərizə və imzaları parlamentə təqdim ediblər. Sənədlər parlament sədri tərəfindən təsdiqlənməlidir.
Komissiyanın 11 deputatdan ibarət olması nəzərdə tutulur. Onlardan yeddisi hakim partiyanı təmsil edəcək. Hakimiyyət müxalifət nümayəndələrini də komissiyaya dəvət etmək niyyətindədir.
Arman Eqoyan daha əvvəl parlamentin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasına rəhbərlik edib.
Müxalif “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları isə baş nazir Nikol Paşinyanın bütün ermənilərin katolikosunu vəzifədən uzaqlaşdırmaq və kilsənin daxili işlərinə müdaxilə etmək planlarına qarşı çıxaraq bu prosesə mane olacaqlarını bəyan ediblər.