Modern.az

Şimali Amerikada Qara dəniz boyda göl necə yoxa çıxdı? - VİDEO

Şimali Amerikada Qara dəniz boyda göl necə yoxa çıxdı? - VİDEO

Dünya

Bu gün, 10:50

13 min il əvvəl Şimali Amerikanın böyük bir hissəsi hazırda Aqassiz gölü kimi tanınan nəhəng bir gölün suları altında qalmışdı. Nəhəng buz kütlələri bənd rolunu oynayırdı, lakin onlar dağıldıqda gölün suyu qəfil boşalmışdı.

Modern.az xarici mediaya istinadla bildirir ki, bu hadisə dünya okeanında suyun səviyyəsini yüksəltmiş, həmçinin iqlimi və bütün dünyada insanların həyat tərzini kəskin şəkildə dəyişdirmişdi.

1879-cu ildə amerikalı geoloq Uorren Upham Şimali Amerikada Manitobanın düzən və məhsuldar ərazilərini, eləcə də Qırmızı Çay (Red River) vadisini tədqiq edərkən dalğalar tərəfindən yarandığı ehtimal edilən izlər aşkar etmişdi: halbuki həmin ərazi dənizdən yüzlərlə kilometr məsafədə yerləşirdi.

Upham, Amerikanın bütün Böyük Göllərinin ümumi sahəsindən daha böyük (hətta Fransadan da geniş) olan və çoxdan yox olmuş nəhəng bir gölün izlərini aşkar etdiyini anladı. O, bu gölə buz dövrlərinin tədqiqində öncül rol oynamış isveçrəli-amerikalı alim Lui Aqassinin (Louis Agassiz) adını verdi.

Upham bu nəhəng və artıq mövcud olmayan gölün keçmiş iqlim hadisələri, o cümlədən qədim buz dövrlərinin yaranması və sona çatması ilə sıx əlaqəli olduğunu müəyyən etdi.

Aqassis gölünün ardıcıl olaraq boşalması və yenidən dolmasının planetin iqliminə göstərdiyi nəhəng təsiri təsdiqləmək üçün çoxsaylı elmi tədqiqatlar aparılıb:

bu proses çoxlu sayda meqafauna növünün məhvinə;

yüz minlərlə qədim insanın ölümünə;

və Şimali Amerika landşaftının böyük hissəsinin formalaşmasına səbəb olub.

Bəs Aqassis gölü necə yarandı?

Təxminən 110 000 il əvvəl Şimali Amerikanın böyük bir hissəsi qalınlığı üç kilometrə çatan Laurentid buz təbəqəsi ilə örtülü idi.

Təxminən 16 000 il əvvəl qlobal temperatur yüksəlməyə və buz təbəqəsi əriməyə başladı. Lakin buz təbəqəsinin xarici kənarı daha soyuq və yüksək ərazidə yerləşdiyi üçün ərimə sularının axıb gedəcəyi yer yox idi və onlar materikin daxili hissəsində toplanırdı. Nəticədə, təxminən müasir Qara dənizlə eyni ölçüdə – 440 000 kvadratkilometr ərazini əhatə edən bir göl yarandı.

Ən böyük və dramatik su axını birbaşa şimala – Hudson körfəzinə doğru baş verib. Bu, təxminən 13 000 il əvvəl baş verən qəfil bir hadisə idi: həmin vaxt göldən çıxan nəhəng həcmdə şirin su cəmi bir neçə ay ərzində Arktika və Atlantik okeanlarına axmışdı.

Bu hadisə "Gənc Drias" (Younger Dryas) kimi tanınan iqlim dəyişikliyi dövrünə təsadüf edir: həmin dövrdə qlobal istiləşmə qəfil şəkildə 1200 il müddətinə dayanmış və iqlim – xüsusilə Şimal yarımkürəsində – kəskin şəkildə 3°C soyumuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər