Modern.az

Rusiya hərbçilərinin Dobropolyeyə daxil olub

Rusiya hərbçilərinin Dobropolyeyə daxil olub

Dünya

Bu gün, 10:20

Rusiya hərbçilərinin Ukraynanın Dobropolye şəhərinə cənubdan və şərqdən yaxınlaşdığı, ayrı-ayrı piyadaların isə şəhərə daxil olduğu bildirilir.

Modern.az xəbər verir ki, bu barədə ukraynalı hərbi şərhçi Konstantin Maşovets məlumat yayıb.

Onun sözlərinə görə, kiçik hərbçi qrupları Qannovka ətrafında, şimal-şərqdəki mədən tullantıları təpəsi yaxınlığında və şəhərin cənub məhəllələrində müşahidə olunub. Maşovets şəhərin cənubunda mülki geyimə keçən və ratsiya ilə məlumat ötürən Rusiya hərbçisinin aşkarlandığını da bildirib.

Məlumatda digər Ukrayna mənbələrinin də Rusiya qüvvələrinin şəhərin cənubundakı çoxmərtəbəli yaşayış binaları ərazisinə irəlilədiyini təsdiqlədiyi qeyd olunur.

Əsas hücum Novoye Şaxovo–Qannovka və Dorojnoye–Novıy Donbass istiqamətlərində aparılır. Dobropolyenin cənubunda döyüşlər Belitskoye, Svetloye, Çerniqovka, Krasnopodolye və Vodyanskoye ərazilərini əhatə edir.

Maşovetsin məlumatına görə, qərbdə Rusiya bölmələri Novoaleksandrovka və Şevçenko istiqamətlərindən irəliləyir, ayrı-ayrı qruplar isə Novoqrişinoya çatıb. Kotlinonun şimalında Sergeyevkaya doğru irəliləyiş qeydə alınıb. Rusiya qüvvələrinin Sofiyevkanın bir hissəsini nəzarətdə saxladığı, Toretskoye uğrunda döyüşlərin isə davam etdiyi bildirilir.

Hərbi şərhçinin qiymətləndirməsinə görə, Rusiya komandanlığı Dobropolyeni birbaşa hücumla ələ keçirə bilməsə, şəhəri qərbdən və şimal-şərqdən əhatəyə alaraq Belozerskoye üzərindən təchizat yollarını kəsməyə çalışacaq.

Paralel olaraq Drujkovka istiqamətində təzyiqin davam etdiyi bildirilir. Maşovets bunu Slavyansk–Kramatorsk şəhər aqlomerasiyasına qarşı əməliyyatın cənub cinahını formalaşdırmaq cəhdi kimi qiymətləndirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi