Fransada bahalaşmaya və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsinə qarşı keçirilən etiraz aksiyaları Paris, Marsel və digər şəhərlərdə polislə toqquşmalarla nəticələnib. Aksiyalara on minlərlə insan, o cümlədən "Hallowen" geyimlərində olan nümayişçilər də qatılıb.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Fransanın daxili işlər naziri Loran Nunes ölkə üzrə planlaşdırılan 150-yə yaxın aksiyanın əsasən dinc keçdiyini, lakin nümayişlər başa çatdıqdan sonra bəzi şəhərlərdə ciddi iğtişaşların baş verdiyini bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda təxminən 320 min nəfər iştirak edib. Onlardan 70 mini Parisdə küçələrə çıxıb. Polis ölkə üzrə 565 nəfəri saxlayıb. Parisdə dörd polis əməkdaşı və bir jandarm yaralanıb.
Paytaxtda maskalı etirazçılar səki daşlarını sökərək polisə atıb, təhlükəsizlik qüvvələrinə yandırıcı vasitələrdən istifadə etməklə hücum ediblər. Polis gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib. Lionda da polisə müxtəlif əşyalar atılıb, Tuluzada isə nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə olunub.
Aksiyalara məktəblilər, həmkarlar ittifaqları və “Sarı jiletlilər” hərəkatının tərəfdarları qoşulublar. Onlar bahalaşmaya, sosial bərabərsizliyə və Makron hakimiyyətinin siyasətinə etiraz ediblər. Tələbələr yaxın günlərdə məktəb və universitetlərdə yeni blokadalar təşkil edəcəklərini bildiriblər.
Etiraz dalğası Almaniyaya da yayılıb. Bir sıra şəhərlərdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Frankfurtda mağazalar qarət edilib, Kölndə polis su şırnaqlarından istifadə edib, Hamburqda isə barrikadalar yandırılıb.
Albaniyanın paytaxtı Tiranada da hökumət əleyhinə aksiyalar keçirilib. İtaliya və İspaniyada isə mümkün iğtişaşlarla bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.