Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-da həbs edildiyi barədə xəbərə reaksiya verib.
Modern.az xəbər verir ki, A.Hacılı “Teleqraf”a açıqlamasında deyib: “ABŞ-də olan, lakin sığınacağı olmayan şəxslər haqqında müəyyən araşdırmalar aparılıb. Oğlum və gəlinimlə bağlı məsələ də bu qəbildəndir. Bunu həbs adlandırmaq doğru deyil”.
O qeyd edib ki, oğlu və gəlini ümumiyyətlə, həbs olunmayıblar: “Heç sığınacaqda da deyillər. Müəyyən dövrdə onların vizalarının vaxtının keçməsi ilə əlaqədar araşdırmalar olub və məsələ başa çatıb. Əslində bu hadisə sentyabrın əvvəllərində olub. Hər gün onlarla telefonla danışıram, bütün sənəd məsələləri həll olunub. Saxta sənəd hazırlanması kimi yayılan xəbərlər tamamilə uydurmadır”.
Arif Hacılı bildirib ki, hazırda ABŞ-dəki vəziyyətə görə bu ölkədə sığınacaq almayan hər kəsin istintaqa cəlb edilməsi mümkündür: “Onlar da bu kontekstdə istintaqa cəlb olunmuşdular. Sadəcə, onlar hələ də bu ölkədə daimi yaşamaq hüququ əldə etməyiblər”.
Qeyd edək ki, Arif Hacılının oğlu və gəlininin ABŞ-də həbs edildiyi iddia edilir. Onların ölkədən çıxmaq öhdəliyi götürsələr də, ABŞ-də qeyri-qanuni yaşamağa davam etdikləri bildirilir.
***
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-da həbs edildiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barəfə Musavat.com məlumat yayıb.
Bildirilib ki, Arif Hacılı oğlunun və gəlininin saxta sənəd taktikasından istifadə etməklə ABŞ-da məskunlaşmasına kömək göstərib.
Orxan və Yaqut Hacılı bütün cəhdlərə baxmayaraq, ABŞ-da oturum icazəsi ala bilməyiblər. Onlar ölkədən çıxmaq öhdəliyi götürsələr də, bu tələbə əməl etməyib və ABŞ ərazisində qeyri-qanuni qalmağa davam ediblər.
Məlumatda qeyd edilib ki, Hacılılar ABŞ-ın aidiyyəti qurumlarına saxta sənədlər təqdim edib, siyasi fəaliyyətləri barədə təhrif olunmuş məlumatlardan ibarət dosye hazırlamaqla oturum hüququ qazanmağa çalışıblar. ABŞ miqrasiya orqanlarının araşdırması zamanı təqdim edilən sənədlərlə real vəziyyət arasında ciddi ziddiyyətlər üzə çıxıb. Bundan sonra Orxan Hacılı və Yaqut Hacılı həbs edilib.
"Mənbə bildirir ki, Arif Hacılı oğlunun və gəlininin həbsindən sonra xaricdəki havadarlarının imkanlarından yararlanmağa çalışıb. O, müxtəlif xarici təşkilatlara və ayrı-ayrı şəxslərə müraciət edib. Nəticədə külli miqdarda vəsait girov qoyulub və onların müvəqqəti azadlığa çıxmasına nail olunub.
Lakin girov müqabilində azadlığa buraxılmaları ittihamların aradan qalxması və ya işə xitam verilməsi demək deyil. Orxan və Yaqut Hacılı barədə məhkəmə prosesi davam edir. Onların ABŞ-dan deportasiya olunması ehtimalı da qüvvədə qalır", - sayt yazıb.