Bakıda diplomunu bərpa etdirmək istəyən şəxsə qarşı dələduzluq edilib.
Modern.az-ın əldə etdiyi xəbərə görə, 33 yaşlı Hüseyn Fərəcov (şərti adla) özünü dövlət orqanlarında yüksək vəzifəli şəxslərlə əlaqəli biri təqdim edərək dələduzluq etməkdə ittiham olunur.
Məlumata görə, zərərçəkənin ailəsi ilə yaşadığı ev 2020-ci ildə, 44 günlük müharibə zamanı Goranboyun Tapqaraqoyunlu kəndinə mərmi düşməsi nəticəsində yanıb. Bu zaman Ukraynanın “Umsa” universitetini bitirən qardaşının diplomu da yanaraq, məhv olub. O, qardaşının diplomunun bərpa olunması üçün iş yoldaşından kömək istəyib. Beləcə əlaqə gəlib Hüseyn Fərəcova çatıb. Hüseyn isə özünü dövlət qurumlrında yüksək vəzifədə işləyən şəxslərlə əlaqəli biri kimi təqdim edərək, bu işdə zərərçəkənə yardım edəcəyini deyib. Bunun üçün o, zərərçəkəndən 10 min manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Aldandığını görən zərərçəkən bu barədə hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə H. Fərəcov saxlanılaraq, barəsində cinayət işi açılıb.
Məhkəmə prosesində zərərçəkən şəxs ona dəymiş ziyann tam ödənildiyini və təqsirləndirilən şəxə qarşı şikayətinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və H. Fərəcov məsuliyyətdən azad edilib.
İlyas Turan