İtaliyanın “Latsio” klubu yeni mövsümdə ev oyunlarında tribunaların boş qalması təhlükəsi ilə qarşılaşa bilər.
Modern.az-ın məlumatına görə, Roma təmsilçisinin ən böyük azarkeş birliyi bununla bağlı rəsmi açıqlama yayıb. Bəyanatda bildirilib ki, tərəfdarlar A Seriyası və İtaliya Kuboku çərçivəsində komandanın evdə keçirəcəyi qarşılaşmaları boykot etmək qərarına gəliblər.
Etirazın əsas səbəbi kimi klub rəhbərliyinə, xüsusilə də “Latsio”nun prezidenti və sahibi Klaudio Lotitoya qarşı narazılıq göstərilir. Qeyd olunur ki, Lotitoya qarşı buna bənzər etiraz aksiyaları əvvəllər də təşkil edilib.
Məlumata əsasən, azarkeşlər klubun transfer siyasətindən, komandaya ayrılan maliyyə vəsaitinin yetərsizliyindən və bilet qiymətlərinin yüksək olmasından ciddi şəkildə narazıdırlar.
Xatırladaq ki, “Latsio” ötən A Seriyası mövsümünü 9-cu pillədə tamamlayıb. Bununla da Roma klubu ardıcıl ikinci il avrokuboklarda iştirak hüququ əldə edə bilməyib.