Modern.az

Futbolda Messi sirri - MÜTLƏQ OXUYUN

Futbolda Messi sirri - MÜTLƏQ OXUYUN

İdman

Bu gün, 01:38

Futbol tarixində bəzi qələbələr düşüncə fərqi, liderlik keyfiyyəti və oyun intellekti ilə yadda qalır. ABŞ-də keçirilən dünya çempionatında Argentina-İngiltərə qarşılaşması da məhz belə oyunlardan biri oldu. Matçdan əvvəl proqnozların böyük hissəsi Argentinanın üstünlüyünü göstərirdi. Lakin İspaniyanın Fransanı turnirdən kənarlaşdırmasından sonra ümumi futbol mühitində fərqli yanaşmalar formalaşdı. Analitiklər düşünürdülər ki, Fransa məğlub ola bilibsə, İngiltərə də Argentinanı dayandıra bilər. Bu fikir xüsusilə statistik modellərə əsaslanan proqnozlarda daha çox hiss olunurdu. Ancaq futbolun klassik məktəbini yaxşı tanıyanlar fərqli düşünürdülər. Onlar hesab edirdilər ki, böyük oyunların taleyini fiziki hazırlıqla yanaşı futbol zəkası müəyyən edir. Məhz buna görə də Lionel Messinin qalib gələcəyinə inananların əksəriyyəti uzun illər futbol izləyən təcrübəli azarkeşlər idi.

Matç başladı və gözlənilən ssenaridən tamamilə fərqli mənzərə yarandı. İngiltərə Argentinaya bir qol vurdu. Ancaq Argentina oyunun gedişini strateji yanaşma ilə idarə etdi. Komanda topa nəzarət, mövqe oyunu və keçid fazalarında üstünlük nümayiş etdirdi. Bu sistemin mərkəzində isə yenə Lionel Messi dayanırdı. O, bu oyunda hüçümçu olmadı. Oyunqurucu, təşkilatçı və psixoloji lider funksiyasını yerinə yetirdi. Argentina 2:1 hesabı ilə qalib gəldi. Bununla da finala yüksəldi. İngiltərə isə Fransa ilə üçüncü yer uğrunda mübarizə aparmalı olacaq. 

Əslində bu mənzərə futbol ictimaiyyəti üçün yeni nəsə demir. Argentina millisinin ən ağır yükü illərdir Messinin çiyinlərindədir. O, bu yükdən heç vaxt yayınmır. Əksinə, məsuliyyət artdıqca daha məhsuldar görünür. Böyük futbolçuları fərqləndirən əsas xüsusiyyət də məhz budur. Təzyiq altında daha düzgün qərarlar qəbul etməyi Messi yenə bacardı.

Bəs Messini qalib edən əsas səbəb nədir?

Futbol ekspertləri hesab edirlər ki, ilk növbədə onun oyun intellekti güclüdür. O, meydanda baş verən hadisələri hamıdan daha tez oxuyur. Rəqibin mövqe dəyişikliklərini saniyələr əvvəl hiss edir. Doğru qərarvermə mexanizmi onun ən böyük üstünlüyüdür. Ötürmənin istiqamətini seçmək, hücumun tempini müəyyənləşdirmək və boş zonaları tapmaq Messi üçün adi epizodlardır. O, bir toxunuşla oyunun ritmini dəyişə bilir. Bu isə istedadla yanaşı, illərlə formalaşmış futbol təfəkkürünün nəticəsidir.

Messinin digər üstünlüyü müşahidə qabiliyyətidir. O, top ayağında olarkən yalnız qarşısındakı rəqibi görmür. Meydanın bütün xəritəsini oxuyur. Hansı futbolçunun haraya hərəkət edəcəyini əvvəlcədən hesablayır. Bu xüsusiyyət onu adi oyunçudan fərqləndirir. Çox vaxt üç və ya dörd rəqib futbolçunu öz üzərinə çəkərək komanda yoldaşlarına geniş boşluqlar yaradır. Statistikada bu epizodlar bəzən görünmür. Amma müasir futbol analizində bu, “məkan yaratmaq” və “müdafiə blokun deformasiyası” kimi qiymətləndirilir. Məhz belə detallar böyük komandaların taleyini həll edir.

Messinin üstünlüyü yalnız texniki bacarıqlarla məhdudlaşmır. O, oyunun psixologiyasını da mükəmməl idarə edir. Rəqib əsəbiləşdikcə daha sakit qalır. Oyun sürətləndikcə tələsmir. Təzyiq artdıqca səhvlərini minimuma endirir. Bu isə elit səviyyəli futbolçular üçün əsas göstəricilərdən biridir.

Bu gün dünyanın favorit futbolçuları arasında Lionel Messi, Kristiano Ronaldo, Kylian Mbappe, Erlinq Haaland və digər ulduzlar xüsusi yer tutur. Onların hər biri fərqli üstünlüklərə malikdir. Ronaldo atletizmi, hava toplarındakı effektivliyi və qol instinkti ilə seçilir. Mbappe sürəti və partlayıcı dinamizmi ilə fərq yaradır. Haaland fiziki gücü və cərimə meydançasındakı dominantlığı ilə tanınır. Lakin Messi bütün bu keyfiyyətləri oyun zəkası ilə tamamlayan nadir futbolçudur. O, epizodu bitirmir, yaradır. Futbolun memarı olmaq qol vurmaqdan daha mürəkkəb bacarıqdır.

Ən diqqətçəkən məqamlardan biri də Messinin yaşına baxmayaraq, meydanda yorğun görünməməsidir. O, indi əvvəlki kimi hər yerə qaçmır. Enerjisini rasional şəkildə bölüşdürür. Lazımsız sprintlər etmir. Oyunun intensivlik xəritəsini özü müəyyənləşdirir. Müasir futbolda buna “enerji menecmenti” deyilir. Messi məhz bu prinsipi mükəmməl tətbiq etdiyi üçün matçın son dəqiqələrində də həlledici epizodlara təsir göstərə bilir. Yaş artdıqca sürət azalır, amma futbol zəkası daha da dərinləşir. Messi bunun canlı nümunəsidir.

Qarşıda isə Argentinanı daha çətin sınaq gözləyir.

Rəqibi yeni taktiki yanaşmalar və fərqli oyun modeli ilə meydana çıxacaq. İspaniya. Yamalla dünyaya meydan oxuyur. Odur ki, bu qarşılaşma daha çox Messi - Yamal oyunu kimi yadda qalacaq final olacaq.

Türkiyə mediası

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!