ABB kredit portfelinin strukturunda biznes, ipoteka və istehlak kreditləri üzrə balansın qorunmasına çalışır.
Modern.az xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, bankın strateji kredit portfeli üzrə bölgüsündə biznes kreditlərinin payı təxminən 50 faiz, ipoteka kreditlərinin payı 15 faiz, istehlak kreditlərinin payı isə 35 faiz təşkil edir.
“Bu bölgü bankın strateji yanaşmasını əks etdirir. Ayrı-ayrı dövrlərdə müəyyən dəyişikliklər olsa da, ümumi strategiyamız bu istiqamətdə formalaşıb”, - deyə o qeyd edib.
Bank rəsmisinin sözlərinə görə, ABB bazar payına görə biznes kreditləri sahəsində birinci, ipoteka kreditləri üzrə ikinci yerdə qərarlaşıb. Onun sözlərimə görə, istehlak kreditləri seqmentində də bankın bazar payı yüksəkdir:
“İstehlak kreditlərinə tələbat daha yüksək olsa da, ABB kreditləşmədə daxili risk siyasətinə və təminat mexanizmlərinə xüsusi diqqət yetirir.
Kreditlərin verilməsi həm daxili siyasətə, həm də müştərinin aid olduğu seqmentə və təqdim etdiyi təminata uyğun şəkildə həyata keçirilir”.
O əlavə edib ki, ABB-nin əsas üstünlüklərindən biri inkişaf etmiş qiymətləndirmə və “score” sistemidir.
“Bankın kredit skorlama sistemi 60-dan artıq göstərici əsasında müştərilərin kredit imkanlarını qiymətləndirməyə imkan verir və bazardakı ən güclü sistemlərdən biri hesab olunur”, - deyə A.İbrahimov fikrini tamamlayıb.