İyunun 19-da Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub.
Modern.az xəbər verir ki, tədbir gömrük sistemində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər və təkmilləşdirmələr, eləcə də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi, gömrük rəsmiləşdirilməsi prosesləri, həmçinin baş idarənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Tədbir zamanı media nümayəndələrinə idarənin fəaliyyəti, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin müxtəlif mərhələləri əyani şəkildə nümayiş etdirilib.
Mediatur çərçivəsində çıxış edən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov bildirib ki, 2026-cı ilin 1 yanvar tarixindən bu günədək idarənin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb.
O qeyd edib ki, aşkarlanan faktlardan 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakteri daşıyır.
“Bu ilin əvvəlindən qeydə alınan cinayət xarakterli faktlar arasında məcburi nişanlanmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlı 3 hadisə, həmçinin gömrük orqanına bəyan edilməyən 308,30 karatlıq brilyant qaşların aşkarlanması ilə bağlı 1 fakt yer alıb. Eyni zamanda, ümumilikdə 73 min 840 ədəd nişanlanmamış siqaret aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Hüquqpozmalar üzrə baxılmış işlər nəticəsində fiziki şəxslərə 97 min 169,80 manat məbləğində cərimə tətbiq olunub. Bu məbləğin 81 min 146,35 manatı artıq ödənilib, 64 fakt üzrə materiallar isə baxılması üçün məhkəmələrə göndərilib”.
Daha sonra Azərterminal Kompleks Birliyinin Bakı şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı İlknur Əliyev elektron gömrük bəyannamələrinin emalı prosesi barədə məlumat verib.
Onun sözlərinə görə, elektron qaydada təqdim olunan bəyannamələr və müşayiətedici sənədlər yoxlanıldıqdan sonra hər hansı risk müəyyən edilməzsə, mallar qısa müddətdə buraxılış mərhələsinə yönləndirilir.
“Buraxılışla bağlı qərar qəbul edildikdən sonra sahibkara bu barədə elektron sistem vasitəsilə məlumat göndərilir. Bundan sonra sahibkar gömrük rəsmiləşdirilməsini tamamlayaraq malların sərbəst dövriyyəyə buraxılmasını təmin edir”.
Təhlükəsizlik tədbirləri və nəqliyyat vasitələrinin texniki yoxlanılması prosesi barədə məlumat verən ekspertiza və inspeksiya xidmətini göstərən qurumun nümayəndəsi Kamran Məmmədov isə bildirib ki, ölkəyə idxal olunan nəqliyyat vasitələrinin Avro-4 ekoloji standartlarına uyğunluğu yoxlanılır.
O vurğulayıb ki, avtomobillərdə ABS əyləc sisteminin və hava yastıqlarının mövcudluğu fiziki baxış zamanı təsdiqləndikdən sonra onlara texniki eyniləşdirmə şəhadətnaməsi təqdim edilir və nəqliyyat vasitələri növbəti gömrük rəsmiləşdirilməsi mərhələsinə yönləndirilir.
Mediatur iştirakçıları daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Mərkəzin Birinci Şöbəsinin rəisi, gömrük xidməti polkovniki Cavanşir Aslanov jurnalistlərə bildirib ki, yük nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi onların gömrük ərazisinə daxil olduğu andan başlayır.
“Yoxlama zamanı sənədlərdə hər hansı uyğunsuzluq aşkarlanmadıqda yük rəsmiləşdirmə prosedurlarına cəlb edilir. Gömrük bəyannaməsi tərtib olunduqdan sonra sənədlər yenidən nəzərdən keçirilir. Hər hansı çatışmazlıq müəyyən edilmədiyi təqdirdə bəyannamə təsdiqlənir, sənədlər arxivləşdirilir və nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi prosesi başa çatdırılır”.
Tədbir çərçivəsində media nümayəndələri bəyanetmə, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi və digər əməliyyatları əyani şəkildə izləyiblər.
Jurnalistlərə bildirilib ki, sahibkarlara və fiziki şəxslərə xidmətlər operativ qaydada göstərilir, gömrük ödənişləri isə nağdsız formada banklar və ya internet üzərindən həyata keçirilir.
Mediatur zamanı media nümayəndələri üçün Dövlət Gömrük Komitəsinin tətbiqinə başladığı “Rəqəmsal Gömrük Dəyəri Sistemi” layihəsi ilə bağlı da seminar keçirilib.
Qeyd olunub ki, layihə gömrük dəyərinin rəqəmsal həllər əsasında müəyyən edilməsinə, gəlir və xərclərin daha səmərəli idarə olunmasına, məlumatların unifikasiyasına və rəqəmsal emalına, subyektiv amillərin aradan qaldırılmasına, həmçinin vaxt və vəsaitə qənaət edilməsinə imkan yaradır.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.