Azərbaycan Dünya Bankının “Business Ready 2025” hesabatında biznes üçün maliyyə xidmətləri üzrə qiymətləndirilən 101 iqtisadiyyat arasında ən yüksək nəticəni göstərib.
Modern.az xəbər verir ki, World Bank Group-un eksperti, iqtisadçı alim Nazim Şükürovun sözlərinə görə, hesabatın “maliyyə xidmətləri” göstəricisi üzrə Azərbaycan 87,16 bal toplayaraq birinci yerə sahib olub. Hesabatda yüksək bal biznes subyektlərinin maliyyə xidmətlərinə çıxışı və bu sahədə biznes mühitinin vəziyyətini əks etdirən göstəricilər əsasında müəyyənləşdirilir.
Hesabatın digər göstəricilərinə əsasən, Azərbaycan biznesə giriş (Business Entry) üzrə 86,03, kommunal xidmətlər (Utility Services) üzrə 83,05, vergitutma (Taxation) üzrə 67,81, mübahisələrin həlli (Dispute Resolution) üzrə isə 65,31 bal toplayıb.
Nazim Şükürov bildirib ki, Azərbaycanın maliyyə xidmətləri üzrə yüksək nəticəsi ölkədə biznes mühitinin qiymətləndirilməsi baxımından diqqətçəkən göstəricilərdən biridir. Onun sözlərinə görə, bu nəticə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, “Business Ready” Dünya Bankının biznes mühitini müxtəlif istiqamətlər üzrə qiymətləndirən hesabatıdır. 2025-ci il üzrə hesabatda 101 iqtisadiyyat üzrə məlumatlar təqdim olunub və qiymətləndirmə 10 mövzunu əhatə edib.