Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində onun Prezident İlham Əliyevlə görüşü keçirilib, iki ölkə arasında Birgə Bəyanat qəbul olunub və bir sıra sənədlər imzalanıb.
Sənədlər kənd təsərrüfatı sahəsində əməkdaşlığı və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsini əhatə edir. Bu görüşün və imzalanan sənədlərin Azərbaycan-Laos münasibətlərinə nə vəd etdiyi, ölkələr arasında hansı sahələrdə əməkdaşlığın genişləndiriləcəyi maraq doğurub.
Mövzu ilə bağlı Azərbaycan - Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Paşayeva Modern.az-a açıqlama verib:
“Azərbaycanla Laos arasında imzalanan sənədlərin gələcəkdə yerinə yetiriləcəyinə inanırıq. Bu sənədlər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Məsələyə daha geniş kontekstdə yanaşsaq, təhsil, mədəniyyət, kənd təsərrüfatı, nəqliyyat bağlantıları və bir sıra başqa sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Eyni zamanda, ticarət dövriyyəsinin artırılması məsələsi də diqqətdə saxlanılmalıdır”.

Gülşən Paşayeva bildirib ki, Laos tərəfi Azərbaycana müəyyən layihələr təqdim edərsə, həmin layihələrə yenidən baxıla və onların əsasında ikitərəfli münasibətlər daha geniş şəkildə inkişaf etdirilə bilər. Onun sözlərinə görə, hazırda iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var.
Azərbaycanla Laos arasında diplomatik münasibətlər 1995-ci il mayın 22-də qurulub. Artıq 30 ildən çoxdur ki, diplomatik münasibətlər mövcuddur. Həm Laos Prezidenti, həm də Azərbaycan Prezidenti iki ölkə arasında böyük potensialın olduğunu və bu potensialın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Deputat hesab edir ki, Azərbaycan-Laos biznes forumunun keçirilməsi də bu baxımdan əhəmiyyətli ola bilər və iqtisadi əməkdaşlıq imkanlarının daha ətraflı müzakirəsinə şərait yaradar.
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi vacibdir. Artıq hər iki ölkədə dostluq qrupları fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə də müvafiq fəaliyyət həyata keçirilə bilər”, – deyə deputat bildirib.
Nicat Rüstəm