Sentyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı Maren Ernstin “Vierzig Mädchen” (“Qırx qız”) kitabının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, Qırğız Respublikasının Avstriyadakı səfirliyinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı şəraitində baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Qırğızıstandan gələn qonaqlar, Avstriyadakı qırğız diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında qardaş Qırğızıstana həsr olunmuş kitabın təqdimatına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş tədbirlər diqqət mərkəzində saxlanılır və bu, Azərbaycan Mədəniyyət Mərkəzində qırğız mədəniyyətinə həsr olunmuş sayca ikinci tədbirdir.
L.Qasımova kitabın adının qırğız xalqının tarixi və mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətini xatırlatdığını, beləliklə, artıq kitabın adının özünün müxtəlif mədəni ənənələrin təmas nöqtəsinə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məhz belə görüşlər ədəbiyyat, incəsənət, tarix və insan taleləri vasitəsilə xalqların bir-birini daha yaxından tanımasına, təkcə fərqləri deyil, həm də birləşdirici cəhətləri kəşf etməsinə imkan yaradan əsl mədəniyyətlərarası dialoqu formalaşdırır.
Azərbaycanın mədəniyyətlərarası dialoqa və xalqlar arasında qarşılıqlı hörmətə həmişə böyük önəm verdiyini vurğulayan L.Qasımova bu il oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini xatırladıb. O, bu mühüm beynəlxalq tədbir ərəfəsində Vyanada alman ədəbiyyatı ilə qırğız mədəni ənənəsinin Azərbaycanın dəstəyi ilə bir araya gəlməsini mədəniyyətlərarası dialoqun kiçik, lakin çox əhəmiyyətli nümunəsi adlandırıb.
Qırğız Respublikasının Avstriyadakı səfiri Nurjan Şayldabekova tədbirin keçirilməsi üçün yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Səfir iştirakçılara qırğız xalqının mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətindən danışıb.
Tədbirdə bildirilib ki, Maren Ernst 1992-ci ildən Qırğız Respublikasında müxtəlif sahələrdə çalışıb və 2007-ci ildə uşaq evini ziyarət etdikdən sonra o, rəfiqələri ilə birlikdə əsasən Qırğızıstanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara və aztəminatlı ailələrə yardım göstərən “Uplift Aufwind” xeyriyyə təşkilatını təsis edib. Qadın və uşaqları, təhsil və profilaktikanı diqqət mərkəzində saxlayan bu təşkilatın layihələrindən indiyədək Qırğız Respublikası üçün nümunəvi modelə çevrilən bu fəaliyyətdən 25 mindən çox uşaq və onların ailə üzvləri faydalanıb.
Yazıçının ədəbi debütü olan “Qırx qız” romanı onun Qırğızıstandakı həyat və fəaliyyəti ilə bağlı xatirələri əsasında qələmə alınıb. Müəllif kitabda Qırğızıstanın müstəqillik əldə etdiyi vaxtdan bu günədək keçdiyi mürəkkəb yola öz baxışını təqdim edir, qadınların gücündən, iki ölkənin mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələrdən, insanlıqdan və onda dərin iz qoymuş insanlardan bəhs edir. Qırğızıstanın müasir tarixinə dair şəxsi şahidliyi ictimai dəyişikliklər və mədəni kimlik mövzuları ilə birləşdirən roman müxtəlif mədəniyyət və dövrləri bədii şəkildə bir araya gətirir, Qırğızıstanın güclü qadınlarının obrazlarını canlandırır. Əsərdə insanlıq, mətanət və qarşılıqlı yardım ön plana çəkilir. Qırğızıstan burada ekzotik səyahət ölkəsi kimi deyil, real insanların yaşadığı, öz tarixi və aktual problemləri olan bir məkan kimi təqdim olunur.
Müəllif iştirakçılara kitabın yaranma tarixçəsindən və Qırğızıstanla bağlı xatirələrindən danışıb, kitabdan parçalar qiraət edilib, sonra isə qonaqların suallarını cavablandırıb.
Sonda qonaqlara Qırğız Respublikasının Səfirliyinin təşkil etdiyi qırğız milli mətbəxinin nümunələri təqdim olunub.