Modern.az

Kiberhücumlar fonunda ən təhlükəsiz messencerlər

Kiberhücumlar fonunda ən təhlükəsiz messencerlər

Media

Bu gün, 15:38

Son günlər Azərbaycanda bəzi Telegram səhifələrinə və hesablarına qarşı həyata keçirilən kiberhücumlarla bağlı yayılan məlumatlar sosial media platformalarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İstifadəçilər arasında “Hansı sosial media platforması daha təhlükəsizdir?” sualı aktuallaşıb.

Mütəxəssislərin fikrincə, heç bir sosial şəbəkə tam təhlükəsiz hesab edilə bilməz. Platformaların təqdim etdiyi qorunma imkanları ilə yanaşı, istifadəçilərin öz hesablarını necə qoruması da mühüm əhəmiyyət daşıyır.

Son hadisələr fonunda kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, sosial şəbəkə istifadəçiləri saxta keçidlərə daxil olmaqdan çəkinməli, tanımadıqları şəxslərdən gələn faylları açmamalı və iki mərhələli təsdiqləmə funksiyasını aktiv etməlidirlər. Xüsusilə Telegram kimi geniş auditoriyaya malik platformalarda saxta hesablar və fişinq cəhdləri ciddi təhlükə yarada bilər.

Ekspertlərin qiymətləndirməsinə görə, məxfi yazışmalar üçün təhlükəsizlik xüsusiyyətləri güclü olan platformalar daha çox üstünlük təşkil edir. Signal və WhatsApp kimi tətbiqlər şifrələnmiş mesajlaşma imkanları ilə seçilir. Telegram isə böyük kanallar və informasiya paylaşımı baxımından geniş istifadə olunsa da, istifadəçilər şəxsi məlumatların qorunmasına xüsusi diqqət yetirməlidirlər.

Facebook, Instagram və digər sosial media platformalarında da hesab oğurluğu, saxta profillər və məlumatların ələ keçirilməsi ilə bağlı risklər mövcuddur. Buna görə də təhlükəsizliyin əsas şərtlərindən biri istifadəçinin rəqəmsal savadlılığı hesab olunur.

Mütəxəssislər tövsiyə edirlər ki, sosial media istifadəçiləri güclü parollardan istifadə etməli, eyni parolu müxtəlif hesablarda təkrarlamamalı, giriş kodlarını heç kimlə paylaşmamalı və yalnız rəsmi tətbiqlərdən istifadə etməlidirlər.

Azərbaycanda Telegram səhifələrinə qarşı baş verən hücumlarla bağlı müzakirələr göstərir ki, müasir dövrdə sosial media platforması seçimi qədər, istifadəçinin təhlükəsizlik qaydalarına əməl etməsi də vacibdir. Rəqəmsal təhlükəsizlik sahəsində əsas məqsəd şəxsi məlumatların, hesabların və onlayn fəaliyyətin qorunmasını təmin etməkdir.

Mövzu ilə bağlı İKT üzrə ekspert, İT mütəxəssisi Elvin Abbasov Modern.az-a açıqlama verib.

O, Telegrama son hücumların təhlükəsizlik arxitekturasına yenidən baxılmasını zəruri etdiyini söyləyib:

“Telegram platformasında şəxsi və rəsmi hesablara qarşı yönələn son hücumlar, rəqəmsal mühitdə messencerlərin təhlükəsizlik arxitekturasına yenidən baxmağı zəruri edir. Telegram-ın default (ilkin) olaraq bulud əsaslı işləməsi və uçdan-uca şifrələməni (end-to-end encryption) yalnız gizli çatlarında təqdim etməsi, hesabların ələ keçirilməsi riskini müəyyən dərəcədə artıran faktorlar sırasına daxil edilə bilər. Bu kontekstdə, kibertəhlükəsizlik meyarlarına və məxfilik protokollarına görə ən təhlükəsiz sayıla biləcək mesajlaşma proqramları sırasına bir neçə alternativ platforma daxil edilə bilər”.

E.Abbasov “Signal”, “Threema” və “Session” kimi proqramların yüksək anonimlik və kiberdayanıqlılıq təmin edən sistemlər sırasına aid edilə biləcəyini bildirib:

“İlk növbədə, dünyada məxfilik və təhlükəsizlik baxımından ən etibarlı platformalardan biri kimi “Signal” messenceri qəbul oluna bilər. Signal-ın bütün yazışmaları, səsli və video zəngləri ilkin sazlamalarda uçdan-uca şifrələmə protokolu (Signal Protocol) ilə qorunur və platformanın kodu tamamilə açıq qaynaqlıdır (open-source), bu da onun müstəqil ekspertlər tərəfindən mütəmadi yoxlanılmasına imkan verir. Digər tərəfdən, qeydiyyat zamanı telefon nömrəsi tələb etməyən və məlumatları tamamilə mərkəzləşdirilməmiş (decentralized) serverlərdə saxlayan “Threema” və “Session” kimi proqramlar da yüksək anonimlik və kiberdayanıqlılıq təmin edən sistemlər sırasına aid edilə bilər.

Bununla belə, kritik rəsmi hesablarda və ya korporativ kommunikasiyada təhlükəsizliyin təmin olunması üçün yalnız qlobal messencerlərə güvənmək əvəzinə, rəqəmsal infrastrukturun idarə olunmasında hibrid yanaşmaya üstünlük verilməsi daha effektiv yol hesab oluna bilər. Bu hibrid modeldə, açıq platformalardan istifadə minimuma endirilərək, dövlət bulud (G-Cloud) və ya daxili qapalı serverlərdə qurulan, təşkilatın öz nəzarətində olan xüsusi kommunikasiya sistemlərinin (məsələn, Matrix protokolu əsaslı həllər) tətbiqi ön plana çıxa bilər. Texnoloji cəhətdən gücləndirilmiş bu cür infrastrukturların istifadəçilərin ciddi rəqəmsal gigiyena qaydaları ilə sinerji təşkil etməsinin, kənar təxribatların və fişinq hücumlarının qarşısını almaqda ən dayanıqlı qalxan rolunu oynaya biləcəyi proqnozlaşdırılır”.

Nicat Rüstəmzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR