Modern.az

Azərbaycanda jurnalist nazirlə müsahibəyə kaska ilə gedib - VİDEO

Azərbaycanda jurnalist nazirlə müsahibəyə kaska ilə gedib - VİDEO

Media

Bu gün, 16:38

Azərbaycanda jurnalist nazirlə müsahibəyə başına kaska - dəmir dəbilqə qoyaraq gedib. Amma bu maraqlı hadisə yaxınlarda deyil, 34 il öncə - 1992-ci ildə baş verib.

Modern.az-ın məlumatına görə, söhbət Əməkdar jurnalist, məşhur “Qulp” satirik telelayihəsinin müəllifi Mübariz Əsgərovdan gedir. O, 100 illiyini qeyd etdiyimiz 6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı bir xatirəsini bölüşüb.

Belə ki, Mübariz Əsgərov sosial şəbəkədə müəllifi və aparıcısı olduğu “Qulp” verilişinin 1992-ci il buraxılışından bir epizodu aşağıdakı şərhlə paylaşıb:

“100 ilin bir anı... 1992-ci ildə AzTV-də “Qulp”un ilk buraxılışını hazırlayırdım. Eşitdim ki, daxili işlər naziri İsgəndər Həmidov qarşısına çıxan jurnalistləri döyür, şil-küt eliyir. Ləngimədən, tam hazır vəziyyətdə, həmkarlarımı müdafiə eləmək üçün döyüşkən nazirlə görüşə-döyüşə getdim... Və nəticəsi oldu!”

Videokadrda o vaxtkı daxili işlər naziri İsgəndər Həmidov “Qulp” verilişinin hazırlanmasını alqışlayaraq ona xeyir-dua verir:

“Elə adı da yaxşıdır, hər şeyə qulp qoymaq lazımdır hərdən bir, biz də cızığımızdan çıxmayaq. Sizə müvəffəqiyyətlər”.

Videopayalaşım sosial şəbəkədə maraqla qarşılanıb.

Mübariz Əsgərovun bu addımı əslində jurnalistikanın o vaxtkı cəsarətini və həmkarını dəstəkləmək anlamı verirdi. Başına kaska qoyaraq müsahibəyə getmək həm çılğınlıqla tanınan nazir İsgəndər Həmidova jurnalistlərin zorakılıqdan qorxub geri çəkilmədiyinin bir mesajı, həm də öz peşə yoldaşlarını qorumaq əzminin nümayişi idi.

Xatırladaq ki, mərhum İsgəndər Həmidov 16 may 1992-ci ildən 16 aprel 1993-cü il tarixinədək Azərbaycan Respublikasının daxili işlər naziri işləyib. Həmin vaxt hakimiyyətdə Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri idilər. İsgəndər Həmidovun bir neçə jurnalisti döyməsi ilə bağlı hadisələr də elə o illərdə baş vermişdi.

Ən qalmaqallı olay nazirin "Ayna"-"Zerkalo" qəzetinin redaksiyasına gələrək tənqidi məqalə yazmış jurnalist – şöbə müdiri Cahangir Hüseynovu döyməsi olmuşdu.  

İsgəndər Həmidov “İstiqlal” qəzetinin də redaksiyasına gedərək, onun haqqında dərc olunan karikaturaya görə baş redaktor Zərdüşt Əlizadəni döymüşdü. O vaxt həm də Azərbaycan Sosial-Demokrat Partiyasının liderlərindən olan Zərdüşt Əlizadə döyüldükdən sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı.

Yeri gəlməşkən, İsgəndər Həmidov 1995-ci ildə həbs edilərkən, ona qarşı irəli sürülən rəsmi ittihamlardan biri də məhz jurnalistləri döymə və onlara xəsarət yetirməsi ilə bağlı olmuşdu.

1995-ci ildə həbs olunan İ.Həmidov 2003-cü ildə əfv olunub, 2020-ci ildə vəfat edib.

Telejurnalist Mübariz Əsgərov müəllifi və aparıcısı olduğu “Qulp” satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. 

Daha sonra telelayihə ANS telekanalına transfer olunub. Belə ki, “Qulp” 1998-ci ildən 2013-cü ilədək ANS-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən birinə çevrilib.

Bu veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxır, çatışmazlıqları cəmiyyətin özünə göstərirdi.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı